Məmməd Qədir - Yerimdi

Ədəbiyyat 13:30 / 22.01.2026 Baxış sayı: 1707

 

Cəngəllikdə koma imiş ürəyim,

Gizləndiyim küncüm, bucaq yerimdi.

Çölüm bu dünyanın ən quraq yeri,

Gözlər quru bəxtdə sucaq yerimdi.

 

Vüqarımı sındirmışam, yonmuşam,

Arı kimi ləçəyinə qonmuşam,

Burax məni ürəyinə, donmuşam,

Könlün isti, sevgin sıcaq yerimdi.

 

Çöllərimdə tənha qaldı qu sevgi,

Od püskürdü, sondürmədi su sevgi,

Hara getsəm dönəcəyim bu sevgi,

Son mənzilim, dayanacaq yerimdi.

 

Gecə-gündüz dərd yüklənər bu tərkim,

Xeyir əkib cücərdərəm, - bitər kim,

Öz icimdən didərginəm, didərgin,

Məhəbbətin pirim, ocaq yerimdi.

 

Yarım gedib, yarımcanam, çaşqınam,

Öz başıma uçurdulmuş uçqunam,

Yaralıyam, kimsəsizəm, qaçqınam,

Xatirələr sığınacaq yerimdi!