Məmməd Qədir - Sən nə deyirsən...

Ədəbiyyat 09:32 / 10.03.2026 Baxış sayı: 96

 

Şükür, çiçəkləyib sevgi ağacım,

Tutub bar deyirəm, sən nə deyirsən?

Necə pərvazlanıb, qol-qanad açıb,

Arzular deyirəm, sən nə deyirsən?

 

Necə diz çökməyim yazan fələyə,

Yazıb yer adamın göydə mələyə,

Sənin gül açdığın çəmən ürəyə,

Laləzar deyirəm, sən nə deyirsən?

 

Bir çicək əkmişəm yaş taleyimə,

Qanad da qismətmiş quş taleyimə,

Sevgi çicəkləyən qış taleyimə,

Mən bahar deyirəm, sən nə deyirsən ?

 

Sevgi ruhumuzun təravətidir,

Ayrılıq ürəyin qiyamətidir,

Bu sevgi Allahın kəramətidir,

Ey nigar, deyirəm, sən nə deyirsən,

 

Ruhumun gölündə sonasan, qusan,

Cadar ürəyimə bir damla susan,

Mənimçün dünyanın ən doğmasısan,

Sənə yar deyırəm, sən nə deyirsən?