Rəşid FAXRALI, Əməkdar  jurnalist : - 70-dən o yana uğur üstədi...

YAZARLAR 10:30 / 10.03.2026 Baxış sayı: 123

 

Ruhu rəvanlar həmişə sökülən dan yerinə qaranlıqdan sıyrılan möcüzə, aydınlıqlara çıxan işıq deyib, bu işığı açılan sabahların yolgöstərəni bilib, sözün işığını görənlərə işıqlı adam de­­yib. Min illərdi işıqlılarımız xalqın milli-mənəvi dəyərlərinin, ədəbiyyatının, mədəniyyətinin, in­­cə­sə­nə­tinin, ... cəfakeşi olub, ömür payını bu cəfakeşliyin çırağı bilib. Onlar həmişə ehtiramla xa­tır­la­nır. El sevgisi deyimi var. Bu deyim də Dədə Qorqud öyüdlərinin işığından barınıb. Bu dü­şün­cə ömür fəlsəfəsidi. Düşüncələrim tanıdığım işıqlı adamların düşüncələrinin nəfəs yoldaşı olub.

Bayram Heydər oğlunu belə tanımışam, belə tanıyıram.

Dünya sözün işığında daha aydın görünür. Sözün işığında formalaşan münasibətlər sabah­la­rın zəmanəti kimi tarixləşir. Zaman-zaman tanıdıqları ilə Bayram Heydər oğlunun münasibətləri də belə tarixləşib, mənim Bayram Heydər oğlu ilə münasibətlərim də...

Kiminin əvvəl sözünü (düşüncələrini), sonra özünü tanıyırıq, kiminin əvvəl özünü, sonra sö­zünü (düşüncələrini); Bayram Heydər oğlunu söz adamı kimi tanımamışdan əvvəl vətəndaş kimi ta­nı­mı­şam. 1993-cü ilin iyulun əvvəllərindən Zəngilanda başlayan ehtiram biçimli müna­si­bət­lə­ri­miz Zəngilanın sərhədlərini aşdı. Bu eh­­tiramın işığında Zəngilanın müdafiəçiləriylə nəfəs-nəfəsə dayandığımız anlar, saatlar çox olub. Şüküratazda da, Ağbənddə də, Vejnəlidə də, ... Zəngilana ad olan söhbətlərin əsgərlərin baxışla­rın­da necə tərpəniş yaratdığını da görürdüm, əsgərlərin onun səssiz sükutunu elə söhbət biçi­min­də düşüncələrinə köçürdüyünü də duyurdum.

Dan yeri sökü­lən­də Oxçu çayının sahilində Zəngilanın Ermənistan ərazisinə hücumundan danışmışdıq, Bayram müəllim qazanılan qələbənin döyüş­çü­lə­rin döyüş əzmini, qələbə ruhunu necə kükrətdiyindən söz açmışdı, döyüşdən sonra yaşanılanların (səhəriisi gün Bakıdan geri çəkilmək əmri verilmişdi) təəssüfündən söz açmışdı. Onda sevincinin də rən­­gini görmüş­düm, təəssüfünün də. Günəş Oxçu çayının sinəsinə sərilənə kimi dillənə bilməmişdik. Bayram müəllimin qəhərlən­di­yini sezmək çətin deyildi...

Əsgərlər Bayram müəllimi həm zabit kimi (alay komandirinin müavini idi), həm müəllim kimi, həm də natiq kimi dinləyirdi. Bayram müəllim ötən yüz illərin döyüşlərini xatırladırdı, şəhid­lik­dən keçən bu döyüşlərin Vətən günyəli döyüşlər kimi tarixləşdiyindən danşırdı...

Bayram Heydər oğlu 1956-cı il martın 21-də (bu tarixi yadda saxla) Zəngilanın Canbar kən­din­də anadan olub. Zəngilan şəhər 1 saylı orta məktəbini, Xarici Dillər İnstitutunun ingilis dili və Azərbaycan dili fakültəsini bitirib. Canbar və Keçikli 8 illik məktəblərində müəllim işləyib. Hərbi xidmətdən sonra ra­­yon komsomol komitəsində, rayon partiya komitəsində müxtəlif vəzifələrdə işləyib, həm Rusi­ya­da, həm də Azərbaycanda ali siyasi təhsil alıb. Zənginada yaardılan ərazi özünümüdafiə taborunun komandiri olub. Polkovnik Firidun Şabanov Zəngilan alayının komandiri təyin olunduqdan sonra komandir müavini vəzifəsində xidmət edib. Müdafiə Nazirliyinin Hərbi Akademiyasında işləyib, əməkdar müəllimdir. Hazırda Milli Məclisdə işləyir. Məqalələri Zəngilan rayon qəzetində, sonra­lar əsasən “525-ci qəzet”də və digər aparıcı qəzetlərdə dərc olunub,indi də olunur...

Martın 21-ni də digər bayramlarımızdan biri kimi ömrünün səyyarəsi adlandıran Bayram Heydər oğlu milli mentalitetimizin yaşam zəvvarlarındandır. “Bayram günü dünyaya gəlişim əziz­lə­rim üçün bayram olub, tanıdıqlarım üçün də bayram ovqatlı münasibət yaşatmağı bacaran Bay­ram olmağa çalışmışam...”, – belə səmimi deyim də Bayram müəllimə məxsusdu...

1993-cü ilin avqustunda Zəngilanda ezamiyyətdə olanda Şükürataz yüksəkliyində əsgərlərlə söhbətləşirdik. Əsgərlərdən biri torpağa dirsəklənmişdi, sol əliylə torpağı ovuclayırdı. Bu, dü­şün­dü­­rücü məqam diqqətimi çəkmişdi, əsgərlə kəlmələşmişdim:

–Nə düşünürsən, əsgər?

Əsgər baxışlarını uzaqlardan ayırmadan “Torpağı...” – demişdi. Bu bircə kəlmə mənim də, ope­­­ra­tor Etibar Şirinin də, Bayram Məmmədovun da baxışlarını özünə çəkmişdi, mətləbli bir söh­bə­tin mövzusu olmuşdu. Onda Bayram müəllimin əli əsgərin çiyninə enmişdi, “Sağ ol, əsgər ba­la...” de­mişdi. Bir neçə gündən sonra bu söhbətin mahiyyəti – əsgərin qoruduğu torpağı düşünməsi alayın bütün şəxsi heyətinə çatmışdı. Bayram müəllim söhbətləriylə çatdırmışdı, o kəlməni o əs­gə­rin Hər­bi Andının davamı kimi təqdim eləmişdi. Həmin söhbətlərin birində onun torpaq haq­qın­da de­dik­lə­ri əsgərlərin mənəvi-psixoloji hazırlığının gərəkli davamı oldu. “Dədə Qorqudun bir öyü­dünü heç zaman unutmayın: Torpağı qorumadınsa onu əkib-becərməyə dəyməz. Atalarınızın, baba­la­rı­nı­zın əkib-becərdiyi torpağı qoruyursunuz. Qoruduğunuz torpağı düşünürsünüz. Deməli, xalqımızı dü­şünürsünüz, Azərbycanın sabahlarını düşünürsünüz”. Bu gözəl kəlmələr zabit tövsi­yə­siy­di, müəl­lim öyüdüydü, vətəndaş xatırlatmasıydı. Bayarm Heydər oğlu belə ürək yiyəsidi...

1993-cü il sentyabrın 3-də Müdafiə Nazirliyi Hərbi Tele-stu­di­yasının üç əməkdaşı Zəngi­lan­da ezamiyyətdəydik – Seyidağa Mövsümlü, Etibar Şirin, mən. Qubadlının işğalından sonra Mah­rızlı kəndinin camaatı kəndi tərk eləyib getmişdi. Kənddə təkcə Qəfəs qarı qalmışdı. Onunla söh­bət­ləşmişdim, ata ocağına belə bir sevgidən duyğulanmışdım. Qayıdanda qərargahın qarşısında Bayram müəllimlə rastlaşmışdıq. Mahrızlıdan danışmışdıq. Qəfəs qarının “Ölərəm, dədəmin yur­du­nu ocaqsız qoymaram...” kəlmələri Bayram müəllimi kövrəltdi. Bir-iki gündən sonra torpağı dü­­şü­nən əsgərin sözlərini alayın əsgərləriylə kəlmələşməsinə obyekt bilən Bayram müəllim ağbirçəyin bu kəlmələrini də Vətənə sevgi düsturuna çevirmişdi. Bayram Heydər oğlu belə vətəndaş idi, belə ürək yiyəsi idi. İndi də belə vətəndaşdır, belə ürək yiyəsidir!

Bayram Heydər oğlu haqsızlıqla heç zaman barışmayıb, həmişə ədalət cəfakeşi olub. Hərbi xidmətdən partiya sı­­ralarına qəbul olunması haqqında sənədlərlə gəlmişdi. Niyəsə, rayon partiya komitəsinin şöbə müdiri onun qəbuluna pəl vurmaq istəyəndə geri çəkilməmişdi. Onda da haqqın, əda­lə­tin əs­gəri olmuşdu. Nazilən haqq heç zaman üzül­məyib. Məsələnin mahiyyətini bilənlər onun xarakterinin dönməzliyini həm kəşf etmişdi, həm də bəyənmişdi. Zəngilanda həmin vaxta kimi heç kim haqqını bu səviyyədə tələb eləməmişdi; “El zər­gər­di” deyimi var...

Polkovnik-leytenant Bayram Məmmədov Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində xidmət etdiyi müddətdə dəfə­lər­lə xarici dövlətlərdə ezamiyyətlərdə olub. Həm ingilis dilini mükəmməl (!) bildiyinə görə, həm bu geniş dünyaduyumuna görə. Hər ezamiyyət Bayram Məmmədov üçün ingilis dilinin mənim­sə­nilməsi imkanlarını genişləndirirdi. “Öyrənən adam hansı yaşda olursa-olsun, düşüncə­lə­rin­də gö­zəl bir aydınlıq hiss edir. Mən həmin aydınlığı Bayram Heydər oğlunun taleyinə işıq bilmişəm...”, – bu etiraf tanıdığım, vətəndaş kimi, hərbçi kimi, söz adamı kimi ehtiramım olan Bayram Heydər oğlu­nun yaşam fəlsəfəsinin mahiyyətinin bir zərrəsidi...

Bayram Məmmədov ehtiyata buraxıldıqdan sonra Hərbi Akademiyada işləyirdi, müəllim idi, Akade­mi­yada təşkil edilən müxtəlif səviyyəli ingilis dili kurslarında müdavimlər onun da müəllimlik səriştəsindən, öyrətmə bacarığından, ingilis dilinin bilicisi olmasından kifayət qədər yüksək səmə­rə­liklə bəhrələnirdi. Tənəffüslər bəzən mahiyyət baxımından dərsin qısamüddətli da­va­mı olurdu. Bu, Bayram müəllimə gözəl könül xoşluğu verirdi.  

Bu və ya digər xarici dilin leksik tərkibinə vaqif olmayan həmin dilin bilicisi adlandırıla bil­­məz. Bu dilin lüğəvi tərkibinin bilicisi olmayan lüğət hazırlaya bilərmi? – yox, buna cəhd et­məz. Cəhd et­­m­əyə cü­rətlənsə də öhdəsindən gələ bilməz. Bayram müəllim böyük məsuliyyətlə 8 min sözlük bir lüğət hazır­la­dı: Azərbay­can­ca-İngiliscə, İngiliscə-Azərbay­can­ca hərbi siyasi lüğət. Bu, ingilis dilini öyrənənlərə, tələbələrə, hərb­­çi­lərə, filoloqlara böyük el­mi xidmətdir...

O lüğətin nəşrə hazırlanmasının müəyyən mərhələlərinin şahidi olmuşam. Kitab nəşrə “Hər­bi Nəşriyyat”da hazırlanırdı. Bayram müəllim kitabın nəşrini necə həssaslıqla izləyirdi! Gə­lir­di, baxırdı, aparıb evdə gözdən keçirirdi (səhf elədim, gözdən keçirmək nədi, bir də oxuyurdu, söz-bə-söz!). Hər dəfə tərcümə neçə-neçə yeni bir sinonimlə əvəzlənirdi. Bu, lüğətin elmi dəyərini ar­­tı­rır­dı. Sonralar bu kursda oxmuş zabitlərlə Bayram müəllimin təsadüfi görüşü, bəzən zabitlərin onun­la görüşməyə gəlməsi bir gerçəkliyin ifadəsinə dönürdü: Öz işinin mütəxəssisisənsə harda olur­san-ol, ehtiram səni tapacaq. İndi, 70-in astanasında belə görüşlər daha tez-tez olur. Söhbət­ləş­mə­yə də gəlirlər, məsləhət, tövsiyə almağa da.   

Bayram Məmmədovun imzası söz sərraflarına yaxşı tanışdı. Onun yaradıcılığı, əsasən, Zən­gi­lanı, Zəngilanlıları əhatələyir. Bu da sevgidi, Zəngilana bu dəruni sevgi yaşarı sevgidi, bəşəri sev­­gi­di. Bayram müəllim nədən yazırsa yazsın, Səməd Vurğunun təəbirincə desək, hər yazısının əzəl mübtədası Vətən olub, Vətəndi. Anası haqqında yazdığı elegik məqaləni də, məqalədə üç mis­ra­lıq şeir his­sə­si­ni də kövrəkliklə oxu­muşam:

 

Sənin sevgin ilə övlad olmuşuq

Ana bildiyimiz Azərbaycana,

Ana, ay ana!

 

Bayram Məmmədov ictimai-siyasi mahiyyəti olmayan mövzulardan yazmır. Bu yaradıcılıq qayəsi də Vətənə sevgiyə yozulmalıdı. Həm də onun yaradıcılığında söz elə bil nəfəs alır, sözlər sən dü­­şündüyün kimi düşünməyə də qadirdi...

Və yaxud atası haqda yazdıqlarından:

Ötən illərin xatirələri kövrəklikdi. Ötmüşlərdə atalı dünya var, analı dünya var, uşaqlıq var, ye­niyetməlik var, ilkin gənclik var, gənclik var. İllər sonra sənə elə gəlir ki, o vaxtlar yellər belə əs­mir­miş, yağışlar belə yağmırmış, şimşəklər belə çaxmırmış, çiçəklər belə açmırmış. O illərdə uşaq­lı­ğı­n gecələri ata söh­bət­ləriylə sonlanırdı, səhərlərin xeyir-duası ata öyüd-nəsihəti olurdu. Onda ömrün sabahlarına aparan yolun nə qədər işıqlı olduğu da duyulur, bu yolun sonunda niy­yət­lərin bayraqlaşacağı da...

İnstitutda müəllimi olmuş şair Ənvər Rza haqqında yazdığı məqalədən:

Ənvər Rzanın sevgisi də böyükdü, həsrəti də, səmimiyyəti də. Sevgisi də şeirdi, həsrəti də, sə­­mimiyyəti də (sevgisi səmimi olmayanın səmimi insan olması mümkünsüzdü). Hamı doğulduğu kəndin pərvanəsidi. Hərəyə öz kəndi gözəldi, hərə öz kəndini ömrünün səccadəsi bilir. Şair olaraq Ənvər Rza da "çiyninə qaldırıb dünyaya tanıtmaq istədiyi" ("Yazda məkən salıb...") Kəlbəcərin Aşağı Ayrım (Aşağı Binə) kəndini belə sevirdi, indi ruhu bu kəndin göylərindədi. Bu sevgi həm də "Kəndimiz" şeirində ifadə olunub. Şeirdə sevgi də var, həsrət də. Duyanlara o həsrət də sevgidi...

Bayram Məmmədov 70-dən o yana uğur üstədi. Canbarı sevib, Zəngilanı sevib – Azərbay­ca­nı se­vib, Azərbaycana görə türk dünyasını sevib. Belə ecazkar sevgilər bu gün yaşanılsa da sa­bahların sev­gi­sidi...

Vətənə sevginin yaşı olmur, 70-dən sonra bu sevgi daha da mətinləşir. Mətin sevginlə sa­bah­lara uğur üstəsən, uğurun xeyir olsun, müharibə iştirakçısı, istefada olan polkovnik-leytenant, Əməkdar müəl­lim, jurnalist Bayram Heydər oğlu!..