Məmməd Qədir - Gülürəm
Tikanam, qınaq yeriyəm,
Gülümə baxıb gülürəm.
Yarın verdiyi əzaba,
Zülümə baxıb gülürəm.
Dərdim çalır, qəm züy tutur,
Canım boğaza boy tutur,
Həsrət içimə toy tutur,
Çölümə baxıb gülürəm.
Bəxtim mənə gün ağlayıb,
Dərdi canımda bağlayıb,
Sel kimi coşub-çağlayıb,
Lilimə baxıb gülürəm.
Nə canım, nə ağlım qalıb,
Dəli sevda ağlım alıb,
Elə bil ki, ağlamalı,
Filmə baxıb gülürəm.
Tikdi, qurdu, sındırdı eşq,
Kiməm, nəyəm, qandırdı eşq,
Çatır-çatır yandırdı eşq,-
Külümə baxıb gülürəm.
Ruhum cavan, cismim qoca,
Nə var ki, eşqimdən uca,
Həyat məni ağlatdıqca,
Ölümə baxıb gülürəm...