Lilpar Cəmşidqızı - QƏZƏL
Mənim viranə könlümdən hədər keçdin, bilirsənmi?
Dağılmışdan gəlib axşam, səhər keçdin, bilirsənmi?
Su səpmişdim, odum sönsün, külümdən atəşim çıxmaz,
Sağalmışdım, verib möhnət, kədər, keçdin, bilirsənmi?
Könül mehrabın axtardın, darısqal döngələr gördün,
Görünməz köydən ayrıldın, şəhər keçdin, bilirsənmi?
Tökülsün nuri- qəlbimdən, yuyunsun çeşmü rüxsarım,
Yığıb mirvari köksümdən, Xəzər keçdin, bilirsənmi?
Uçub gəlsəydi bülbüllər, qızılgül xarı sevməzdi,
Əl açdım, yar, yanımdan birtəhər keçdin, bilirsənmi?
Gərək olmazdı mal- dövlət, nə şöhrət- şan, sən olsaydın,
Xəsarətsiz verib hər gün zərər, keçdin, biirsənmi?
Həyatdan kam alandan çox, bu dünyadan bezənlər var,
Ötən ömrüm, minib yüyrək, kəhər keçdin, bilirsənmi?
Xudavəndim, ip atsaydın, tutub yerdən gələrdim mən,
Əlamandım, yetirmişdin nəzər, keçdin, bilirsənmi?
Bu dünyanın cəfasından, şirinçaytək içib ömrün,
Alıb, Lilpar, səfadən çox zəhər, keçdin, bilirsənmi?