Kəmaləddin Qədim : - SALAM, ŞAİR, DUR GEDƏK...
Nə çəkibsən, nə çəkmişəm, bilirsən,
A bağrıqan lalam şair, dur gedək...
Nə açmışam, nə bükmüşəm, bilirsən,
Həmin dilsiz, lalam, şair, dur gedək...
Gecə-gündüz qapısını döydüyüm,
Kor bəxtini qarğıdığım, söydüyüm.
Baş əydiyim, oxşadığım, öydüyüm
Atam şair, balam şair, dur gedək...
Gözlərinin biri sevinc, biri qəm,
Gör necə də diri qalıb, diri, qəm...
Alınmadın, satılmadın, bilirəm,
Bürcüm şair, qalam şair, dur gedək...
Düzlüyündən düzdə qalan düz adam,
Alov adam, atəş adam, köz adam.
Təpəsindən-dırnağına söz adam,
Hikmət şair, kəlam şair, dur gedək...
Kəlmə-kəlmə surətini çəkdiyin
Özbəözü deyiləmmi təkliyin?
Əcəlinəm, həsrətini çəkdiyin,
Gözlədiyin yolam, şair, dur gedək...
Yapış, son kəs uzatdığım əl vida,
Əl vidadı, həm də təzə-tər vida.
Bundan belə əlvidadı, əlvida,
Salam, şair, salam, şair, dur gedək...