İSMAYIL MƏRCANLI İMANZADƏ : - BİR QƏRİB SIZLAYIR YOLAYRICINDA

Ədəbiyyat 22:23 / 27.04.2024 Baxış sayı: 2241

 

Üstündən qarayel keçibdi bəlkə,

Yurdu tar-mar olub, köçübdü bəlkə?

Ölümün cəngindən qaçıbdı bəlkə,

Bir qərib sızlayır yolayrıcında!

 

Hardasa bir uçuq daxması yoxdu,

Halına acıyan doğması yoxdu.

Tək bircə öynəlik loxması yoxdu,

Bir qərib sızlayır yolayrıcında!

 

Qeyb olmuş yaddaşın, huşun axtarır,

Əl atıb çiyninə başın axtarır.

Ovcunda gözünün yaşın axtarır,

Bir qərib sızlayır yolayrıcında!

 

Cumubdur üstünə “quzğun”, gəlibdi,

Nəyi var talayıb “azğın”, gəlibdi.

Əli ətəyindən uzun gəlibdi,

Bir qərib sızlayır yolayrıcında!

 

Bilmir hara getsin indi bu halda,

Ona bircə kəlmə xoş söz də dalda...

Kimin nə vecinə bu dar macalda,

Bir qərib sızlayır yolayrıcında!..

 

01.07.2023