Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatdı

MƏMLƏKƏT 19:43 / 07.05.2024 Baxış sayı: 1450

Mayın 7-si saat 15:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağış, Xınalıqda sulu qar, Şahdağda isə qar yağır.

Göygöl, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Şahdağ, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 4-8 dərəcəyədək isti qeydə alınıb.