Aysel Aydın Əlizadədən : - Sən üzülmə, yaxşımı?

Ədəbiyyat 07:37 / 08.05.2024 Baxış sayı: 3465

 

Darıxmıram, yaxşıyam

Bu təkliyi xoşladım

Sən üzülmə, yaxşımı?

Yaşamağa başladım.

 

 

Təzə güllər əkirəm

Gözləyirəm cücərsin

Tutdan şərab çəkirəm

Yolun düşsə içərsən.

 

Düzdü, hərdən, gün bitər

Həsrətin yaxalayar

Solumdan tutub sıxar

Ruhumu çalxalayar.

 

Dartınaram yerimdə

Elə güclüdü əli

Olmaz deyərəm yenə

Anlamaz ki o dəli.

 

Əlbəyaxa dalaşıb

Hərdən də yenilirəm

Həsrətinlə boğuşub

Yuxuya da gedirəm.

 

Belə yaxşıyam ama

Təklik xoşuma gəlir

Bircə məndən soruşma

Gecələrin necədir.

 

Darıxmıram, yaxşıyam

Bu təkliyi xoşladım

Sən üzülmə, yaxşımı?

Yaşamağa başladım.