Tahir Rzayev, millət  vəkili : " Bizdə müəyyən suvarma texnologiyasından düzgün istifadə olunmur."

İqtisadiyyat 07:59 / 09.05.2024 Baxış sayı: 1095

Hazırda əkinçiliyin inkişafına mənfi təsir göstərən amillərdən biri torpaqların şoranlaşmasıdır. Bu cür torpaqlara ölkədə ən çox isti və quru iqlim şəraiti olan Kür-Araz ovalığında rast gəlinir. Suvarılan torpaqların şoranlaşmasının müxtəlif səbəbləri var. 

Ölkəmizdə şoran torpaqların əkin üçün yararlı hala salınması COP29 çərçivəsində önəmli addım ola bilər.

Bəs Azərbaycanda şoranlaşmanın qarşısını almaq üçün hansı addımlar atılır?

Mövzu ilə bağlı münasibət  bildirən  Milli Məclisin Aqrar siyasət komitsəinin sədri Tahir Rzayev dedi ki, ölkədə kənd təsərrüfatının sürətli inkişafı üçün ilk növbədə torpaqların münbitliyinin artırılması çox vacibdir:

"Bu da bir çox meliorativ tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu sahədə işlər gedir, yeni kanalların çəkilməsi, su anbarlarının yaradılması, kollektiv şəbəkələrinin çəkilməsi, kanalların təmizlənməsi bu istiqamətdə görülən işlərin bir nümunəsidir. Ancaq torpaqların şoranlaşması hər birimizi narahat edir. Son illər bu şoranlaşma xüsusilə müəyyən regionlarda artıb. Bunun əsas səbəblərindən biri müəyyən suvarma texnologiyasından düzgün istifadə olunmamasıdır. Ən başlıcası da kollektor-drenaj şəbəkələrinin təmizlənməməsidir, kanalların su keçirimliyinin təmin olunmamasıdır. Çünki qrunt suları üzə çıxanda mütləq şorlaşma baş verir. Onun üçün yeni kollektor-drenaj şəbəkələri çəkilməlidir ki, bu suyu çəksin, aparsın. Son illərdə təsərrüfata müəyyən qaydada qayğının artırılması ilə bərabər, digər tərəfdən müəyyən sahibkarların işə məsuliyyətsiz yanaşması, bu halların meydana gəlməsinə səbəb olur. İnsanlar elə bilirlər ki, torpağı daha çox suvaranda daha yüksək məhsul əldə eləmək olar. Ancaq bu, mümkün deyil. Bu gün müasir suvarma texnologiyasından istifadə etmək lazımdır. Ölkə rəhbəri də dəfələrlə bu məsələni gündəmə gətirib, deyib ki, biz istəyirik ki, su itkisinə yol verməyək, yüksək məhsul əldə edək, mütləq müasir texnologiyalara yiyələnməliyik".

Komitə sədri dedi ki, bu gün torpaq kanallarında su keçirimliyi bir o qədər yüksək deyil.

"Yeni beton kanallara keçid başlanılıb, 1000 kilometrlərlə belə kanallar artıq çəkilir. Yeni Şirvan-Qarabağ suvarma kanalının çəkilməsi haqqında ölkə rəhbəri tərəfindən çox mühüm iki sərəncam imzalandı və bu sərəncamların imzalanması bilavasitə həmin şoranlığın aradan qaldırılmasına və torpaqların münbitləşməsinə yönəldilib. Digər tərəfdən, kənd təsərrüfatı məhsullarının vaxtında, nümunəvi sulanmasına xidmət edir. Şoranlaşma bütün dünyada gedir, müəyyən iqlim dəyişiklikləri ilə əlaqədar olan məsələdir, eyni zamanda müəyyən gübrələrdən, minerallardan düzgün istifadə olunmamasının nəticəsidir. Bu sahədə dövlət proqramı var, cənab Prezident öz tapşırıqlarını verib, artıq sürətli işlər getməkdədir", - deyə Tahir Rzayev bildirdi.