İSMAYIL MƏRCANLI İMANZADƏ : - BƏLKƏ...

Gündəm 19:15 / 06.05.2024 Baxış sayı: 2159

 

Duman qan-qadalı qaranlıq kaha,

Bəzən bir parça daş, zərdən də baha.

Nədənsə gecikib qalmır sabaha -

Zülmət bir gecəlik qonaqdı bəlkə?

 

Özgə aləmi var yazın, qışın da,

Hakimdir gözlə qaş, ər savaşında.

Şimşək siyah buludların başında -

Çatlayan odlu bir çanaqdı bəlkə?

 

Sal daşlar yamacın köhnə başmağı,

Külək təbiətin əsib coşmağı.

Sübh çağı, həyalı qadın yaşmağı -

Dan yeri qızaran yanaqdı bəlkə?

 

Can sızlar nahaqq qan tökülən yerdə,

İnsanlıq möhtacdır ərənə-mərdə...

Tanrı bəxş edibsə, şükr elə dərdə -

Bu da bir imtahan, sınaqdı bəlkə?..

 

06.05.2024

İSMAYIL MƏRCANLI İMANZADƏ