İdris Babayev - YIRTILIB ƏDALƏT QAZANI İNDİ
Necə yazdın, Tanrım, alın yazımı,
Alnımın qırışın qələm cızmadı.
Döndərdin şaxtalı qışa yazımı,
Eynim açılmadı, qəlbim qızmadı.
...
Ömür yolum kələ- kötür dağ yolu,
Vahiməli dərələrdir sağ, solu,
Zamanla yol getdim boynumda qolu,
Dedim yarıyolda bezsin, bezmədi.
...
Yalanın əmriylə doğru silindi,
Haqqın olmadığı aşkar bilindi,
Yırtılıb ədalət qazanı indi,
Ha sıxdım bir damla sızsın, sızmadı.
...
Durdu qəsdimizə yolun azanlar,
Pozdu qanunları qanun yazanlar,
Can verdim yığıldı qəbir qazanlar,
Dedim məzarımı qazsın, qazmadı.
...
De kimə sırıyım özümü axı!?
Ay İdris, bazarın dəyişib nırxı,
Çıxıb ayaq üstə qələmin qırxı,
Ha sürtdüm, başdaşın yazsın, yazmadı.
...19.02.20...
Sumqayıt şəhəri.