Gülnar Ümid   Qayğılardan keçib gəldim

Ədəbiyyat 17:49 / 04.11.2025 Baxış sayı: 1145

Qayğılardan keçib gəldim,

ürəyimdə gizli saxladığım arzular,

əlində yelpənək tutmuş bir uşaq kimi

itirdiyim istəklərin səsini axtara-axtara.

"Gecələr" çiynimə düşürdü,

"sabahlar" artıq yad gəlirdi mənə,

çünki hər dan yeri

bir az daha ağır doğurdu içimdə.

Gözlərim yollara qarışdı,

yollar isə mənə...

sanki addımlarımı əzizləyən torpaq deyildi,

bir səssiz çağırış idi,

get, amma keçmişinə bir də dönmə geri deyirdi...

Qayğılardan keçib gəldim,

yad nəfəsli şəhərlərdən,

darıxmağın daş kimi oturduğu qəlbdən,

bir kəlməlik səssiz dua kimi

döndüm özümə

heçnə tapmadan...

İndi

bir dənə sükut yetir mənə,

nə nəfəs, nə söz, nə baxış istəyirəm,

sadəcə bir anlıq

yüklərimin susduğu yer olsun,

Orda dayanım,

deyim ki,

qayğılardan keçib gəldim,

qayğıya oxşaya-oxşaya...✍🏼