Güllə səsi gəlir yerin altından- Rəfail Tağızadə
Bu gedişin, zamanın... qəmi var, ağrısı var,
içində naləsi var, dərdi var, yanğısı var.
Körpələr boylanır təpə qəbirdən,
körpələr boylanır qəbir qucaqdan,
körpələr boylanır qan quyusundan.
Bir körpə anasın axtarır hələ
açılan güllənin alovlarında.
Bir gözdə analar güllələndilər,
bir gözdə ataya uçdu güllələr.
Güllələr körpənin son oyuncağı,
güllələr körpənin son dayanacağı.
Körpənin torpaqlı tər sinəsində
sevdiyi qırmızı lalə böyüyür,
üstündə bir qara güllə yarası.
Günahsız körpələr, məsum körpələr
körpə paylarını yaşamadılar,
körpə çağlarını yaşamadılar,
körpə adlarını daşımadılar.
Yarımçıq qoyulan ömür payıyla,
üzündə o donmuş sevinc halıyla,
bir körpə dolaşır, bir körpə gəzir
Qanlı Xocalının gecələrini,
Kərkükün, Mosulun...
Hələb, Kabulun,
köhnə Varşavanın...
Bağdad, Dəməşqin,
Kiyevlə Qəzzanın
sevincsiz, uşaqsız küçələrini.
Ötür, illər ötür, zaman dəyişir,
səndə də, məndə də güman dəyişir...
Axşamın birində, günün birində
bu qara dünyada, yalan dünyada
kor fələk dolanan məkan dəyişir.
Baxışlar dəyişmir, sükan dəyişir.
Naqisin xisləti dəyişmir hələ,
nifrətlər sevinclə bölüşmür hələ,
körpə gülüşləri öpüşmür hələ.
Təmiz bildiyimiz o, boz səmadan
mərmilər tökülür, bombalar yağır
körpə evlərinə, uşaqlı evə.
Güllə səsi gəlir yerin altından...
Güllə səsi gəlir oyuncaqlardan...