Fərhad Tapdıqoğlu - Aşırdı

YAZARLAR 14:05 / 22.01.2026 Baxış sayı: 2661

 

Çox bacarıqlı idi,işləməkdən də yorulmurdu.Bütün maneələri,çətinlikləri həmişə uğurla aşırdı.Suvaqçı- rəngsaz işləyirdi.İşi başından aşırdı.Bununla belə təbiətin qoynunda olmağı çox xoşlardı. Yazda çayda su d-aşırdı,addamaşları su basırdı.Amma o mərəçöyüd( qulançar),quzuqulağı ,xəzəz....yığmaq üçün çaydan üzüb keçir, təpələr ,yallar aşırdı... Hərdən bu bitkiləri səhv salırdı,ç-aşırdı. Ən çox xoşladığı və topladığı isə ç-aşırdı.

Gözəl ailəsi vardı. Həyat yoldaşı ilə bir- birlərinə yar-aşırdı.Hərdən ailədə söz- söhbət olurdu,yoldaşı onun evə içkili gəldiyinə hirslənir,dal-aşırdı,amma bir gün keçməmiş barışırdı..Həyat yoldaşının ona dedikləri ilə həmişə razıl- aşırdı. Amma bir müddətdən sonra yenidən içməyə davam edirdi.Onun badə dostu bir yerdə işlədiyi ustası idi.Ustası bərk vuran idi, ona deyən kimi " gedək vurmağa", o " sıyıq idi,quşqunu boş idi ",etiraz eləmirdi,razıl-aşırdı.Çünki işi ustasından aşırdı..

...Bir gün növbəti dəfə ustası ilə adama bir sini xəngəllə bir litr araq aşırdı..Evə qayıdanda ayaqları sözünə baxmırdı,aşırdı...yıxıldı,bədəni möhkəm əzildi.Ağrıdan" divara dırm-aşırdı."..

....Onun adı Aşurdu.Aşuru hər gün aşırdığı içkilər aşırdı...

P.S.Aşur indi xüsusi müəssisədə müalicə alır.Həyat yoldaşına da,uşaqlarına da söz verib

ki,bir daha içməyəcək və heç kim deməyəcək ki,"bu aşa-aşa gedən Aşurdu...çox içmişdi,aşırdı"....