Fazil Mustafanın  -  QEYDİ

YAZARLAR 08:44 / 04.08.2026 Baxış sayı: 504

 

Adam deyir ki, filan şairi və şeirlərini bəyənmirəm. Bəyəndiyim başqa şairlərdir. Nə həmin şairi təhqir edir, nə də şeirini. Dünəndən bəri yüzlərlə xəstə təfəkkürlü əlinə çomaq alıb düşüb adamın üstünə ki, sən kimsən ki, mənim bəyəndiyim şairi bəyənmirsən. Digəri isə deyir ki, belə müqayisə aparmaq tərbiyəsizlikdir.

Ən azı mən bilirəm ki, adam hücum çəkənlərin hamısını bir zala yığıb "poeziya nədir, ədəbiyyat nədir" mövzusunda heyrətləndirəcək səviyyədə akademik mühazirə oxuya bilər. Sadəcə adamın "Ədəbiyyat üzrə Nobel mükafatçıları" adlı unikal əsəri ilə tanış olanlar daha çox aydınlanma fürsəti qazanar bilərdilər.

Kimsə Səməd Vurğunun, kimsə Bəxyiyar Vahabzadənin, kimsə Rəsul Rzanın, kimsə Ramiz Rövşənin, kimsə Nəriman Həsənzadənin, kimsə də Aqşin Yeniseyin şeirlərini bəyənməz, bu onların mərtəbəsini azaltmaz ki... Bəyənənlər də nuşi-canla buyurub oxumağa, sevməyə davam etsinlər. Burada mübahisəlik, münaqişəlik nə var ki... Plüralizm deyilən, zövq deyilən bir mücərrəd nəsnə var. Belə anlaşılır ki, bu ölkədə müqəddəs yalnız peyğəmbəri elan etməyiblər, hər kəs özünün əlavə müqəddəslərini artıq çoxdan yaradıb, kimsə barədə düşünüləni olduğu kimi söyləmək mümkün deyil.

Mən Hüseyn Cavid poeziyasına böyük dəyər verirəm, ötənlərdə zövqünə güvəndiyim insanlardan biri söhbət əsnasında Cavidin şeir üslubunu bəyənmədiyini söylədi və bir neçə inandırıcı nümunələr də gətirdi. Əlbəttə, bu yanaşma mənim fikrimi dəyişmədi və eləcə də həmin şəxsə münasibətimi dəyişmədi. Zövq zorakılığı, düşüncə təcavüzü cəmiyyətimizdə fəlakətli şəkildə yayğınlaşıb. Deyiləsi bir söz qalır: Dünya poeziyası-zadı hamısı yalandır. Azərbaycan şairlərindən böyük dünyada kimsə yox!

Haradasa oxuduğum və müəllifini xatırlamadığım bir şairin Sumqayıt haqqında Sovet ideologiyasının coşqusuyla yazdığı şeirin bir bəndi bu məqamda yadıma düşdü:

Nə gözəldir axşamüstü

Borulardan çıxan tüstü!

Allahı sevərsiniz, bu borulardan çıxardığınız tüstülərlə mədəni mühitimzi, düşüncə həyatımızı lütfən kirləndirməyin!