Nəriman Həsənzadə - Azadlıqdı məramımız
Nəriman Həsənzadənin Əbülfəz Elçibəyə xitabı
Bu günlərdə dünyasını dəyişən Xalq şairi Nəriman Həsənzadəni həm də 1992-ci ilin mayında "Azərbaycan" qəzetində çıxmış bir şeiri ilə xatırlayıram.
Prezident seçkisi kampaniyası dövrü idi. Nəriman Həsənzadə prezidentliyə namizəd Əbülfəz Elçibəyə xitabla şeir yazmış və qəzetdə dərc etdirmişdi.
Şeirin ilk və son bəndi 16 yaşımıdan bu günədək kəlbəcərli günlərdən yaddaşımdadı...
İndi baxdım, şeir N.Həsənzadənin 2022-ci ildə nəşr olunmuş "Seçilmiş əsərləri - I cild" kitabına daxil edilib.
Hər ikisinun ruhu şad olsun!
Şuşa yolu buz bulaqdı, çeşmәdi.
Çeşmәlәrdәn şuşalılar içmәdi.
Şux balalar bir-birindәn seçmәdi,
Şәhidlәrin sırasında, Elçibәy.
El var, elin arxasında, Elçibәy.
Gәlin gördüm, baxışından utandım,
Xalı gördüm, naxışından utandım,
Ana gördüm, qarğışından utandım,
Oğul deyib mәlәyirdi, Elçibәy,
Göy yerә od әlәyirdi, Elçibәy.
Havanı sıx, Azәrbaycan qanı var.
Bir canında mәrdin neçә canı var?!
Döyüşdә bir әbәdiyyәt anı var,
– o anları seçәn seçir, Elçibәy.
Vәtәndәn yox, candan keçir, Elçibәy.
Xәbәr verәn xәbәr almır, nә qaldı?
Aman Allah! Qarabağ kimә qaldı?!
Malıbәyli, Əlibәyli, Daşaltı...
Qarabağda talan oldu, Elçibәy,
Satan oldu, alan oldu, Elçibәy.
Get Laçını, Xocalını al, oğul,
Ötәnlәri bir dә yada sal, oğul.
Bir Qarabağ şikәstәsi çal, oğul,
Darıxmışam Qarabağsız, Elçibәy,
Oda düşdük haqlı-haqsız, Elçibәy.
Yunus İmrә Elçibәyin әzbәri,
“Bir bәn vardır,– deyir– bәndәn içәri!”
Ruh ömürlük, ömür özü köçәri!
— Sәngәrdәdi şeir-sәnәt, Elçibәy.
And içibdi bir mәmlәkәt, Elçibәy.
“Külli Qarabağın abı-hәyatı,
Nәrmü-nazik bayatıdır, bayatı...”
Bir millәtin getdi soyu, soyadı,
Ey Vidadi imanımız, Elçibәy.
Azadlıqdı mәramımız, Elçibәy.
(2 may 1992)