Ramiz Qusarçaylı - Süni mayalanma

Ədəbiyyat 13:18 / 04.08.2026 Baxış sayı: 537

 

Artır tində, dalanda süni-süni ...xanalar,

Cəh-cəh vurur efirlər bülbüllü güllərindən.

Süni mayalanmadan günah doğar “ana”lar

Ər bitməz, ər göyərməz fərari döllərindən.

Görüşlər süni-süni,

öpüşlər süni-süni,

Alışlar süni-süni,

verişlər süni-süni,

Üzdə süni gülüşlər,gülüşdə süni səslər,

Süni-süni baxışlar,süni-süni nəfəslər,

Süni sığallanmalar,süni qucaqlaşmalar,

Süni havalar üstdə şıdırğı ağlaşmalar,

Süni ayrılıqların kefindən məst olmalar,

Yalandan bayılmalar,yalandan süst olmalar...

Qoyunçuluq ferması,

oyunçuluq firması,

Düyələr süni-süni,

cöngələr süni-süni...

Adamçılıq ferması,

avamçılıq firması,

Gəlinlər süni-süni,

yengələr süni-süni...

Süni-süni mollalar,nigahlar süni-süni,

Süni-süni villalar,günahlar süni-süni...

Süni-süni dodaqlar,

süni boyalanmalar,

Süni-süni qucaqlar,

süni həyalanmalar,

Süni-süni yataqlar,

süni mayalanmalar...

Azman Vətən, ər Vətən, kim atır bu daşları,

Kimin külündən keçib tüstülənir ocaqlar?!.

Yoxsa bir əraziyə yığıb bu “döldaş”ları,

Soysuz törəmələrdən Vətən yaradacaqlar?!.

Hər tində, hər dalanda süni-süni ...xanalar,

Cəh-cəh vurur efirlər bülbüllü güllərindən.

Süni mayalanmadan kişi doğmaz analar,

Ər bitməz, ər göyərməz fərari döllərindən..