Könül Nuriyeva - Gəl, bir kəng gecəsinə şeir yazaq...

Ədəbiyyat 09:13 / 04.08.2026 Baxış sayı: 538

Gəl, bir kəng gecəsinə şeir yazaq,

unudaq yaşananları,

gəl, niyə uzaqda durubsan?

Nazlı dayanıbsan,

üstəlik də saçlarını burubsan…

Bu daşlı həyəti,

oxuyan quşları,

dünənə atılan daşları

bir də yaşayaq,

Qaranlıqda nə gözəl görünürmüş həyat…

Ürəyində söz saxlama,

birnəfəsə hamısını bu gecənin

sözgəzdirən torbasına at!

Qarışıq olsun,

oxuyan yorulsun, desin ki,— bu nə şeirdi?

Desin ki, bir kəndi tərk etmək

yığılır ürəyə

Yəqin ki, bu şeir deyil, çoxillik kindi…

Bir sözü iki dəfə yazaq,

qafiyə tapmayaq,

məntiqli olmasın

yazaq, pozaq, yenə yazaq…

Çoxdan çıxmışıq bu köhnə kənddən,

İndi hardan bilək, qadağalar varmı?

Əl-ələ tutub gəzmək sayılırmı yasaq?

Hamı yatsın bu kənddə,

Arzularımız batırsa batsın bu kənddə

Başqa şeylər düşünək,—

səndən nə qədər var məndə?

Məndən nələr var səndə?

Yenə quruyurmu Viləş?

Çay axırmı bəndə?

Səsli səssizliyini sevək bu kəndin

İllər əvvəl buraları tərk edən səndin?

Sevək şəhərin acığına

düşək tozlu addımlarla ümidlərin cığırına

şeir yazaq sirsənglərin çağırışına…

İndi nə deyək bu kəndin adına?

Deyəkmi,— qəbul et bizi?

Bir günlük gəlmişik,

Vallah, bəlkə inanmayacaqsan

səni həmişə doğma bilmişik…

Pozsun axşamın sakitliyini

ürəyi dayandıran azan səsi,

Adam hamını, bütün köhnə qohumları yada salsın,

unutmasın kimsəni!

Bu kəndin üç yolu var,

üçü də gedir məzarlığa

Tutasan üç yolun əlindən

gedəsən başdaşları satmağa bazarlığa!

Qalmasın kiminsə başdaşı,

qalxsın qəbirlərdən başları,

hamı dirilsin…

Bu kənd

bu gecə

iki nəfərin gəlişiylə

xoşbəxtlər kəndi kimi tanınsın, bilinsin!!!