Rafiq Yusifoglu - HƏLƏ Kİ

Ədəbiyyat 13:32 / 04.08.2026 Baxış sayı: 500

 

Başımın üstündə şimşəklər çaxır,

Xoş ətir gətirir səhər yelləri.

Çat-çat ürəyimə yağışlar yağır,

Köksümdə çağlayır sevgi selləri…

 

Könlü göydə olan baxmaz aşağı,

Zamanın selləri axıb, durular.

Gözümdə bərq vurur iman işığı,

Hələ ki, qəlbimdə sevgi nuru var…

 

Bir eşq ocağıyam, çətin sönəm mən,

Sanma ki, dünyanı tərk eləyirəm.

Ulu Yaradanın sevgisini mən

Hər gün zərrə-zərə dərk eləyirəm…

 

Ömrümə nur saçan eşq günəşim var,

Zərrəsi əvəzdi zərə, altuna!

Hələ yer üzündə xeyli işim var,

Köçmək istəmirəm yerin altına…

Hələ ki, his etmir sevgi çırağım,

Nə yerdən, nə göydən doya bilirəm.

Çox şükür, hələ ki, insan olmağın

Şirin ləzzətini duya bilirəm.

Özümü nahaqdan öyə bilmərəm,

Qəlbimdə yer yoxdu fəğana, aha! –

Sabah nə olacaq, deyə bilmərəm,

Bu gün bəxtəvərəm, şükür Allaha!

20.07.2021