Süleyman Abdulla - BƏS NECƏ QALMISAN...
Bu adı vətənin nəyi bizimdir,
Yeni nağılmı var qulaq asmağa?
Nə səcdə etməli, nə inanclı pir,
Bir qarış yer yoxdur ayaq basmağa.
Belə də adamın yanır ciyəri,
Bir ovuc su hanı sərinləməyə...
Cəhənnəm odu var və zaman şəri
Kim aldı dünyanı sərinləməyə?
Ədalət maşını çəkir cılxa ət,
Vaxtın dönən çarxı qara dişlidir.
Bir sümük, bir dəri qalıbdı millət,
Canın çıxmağı da ödənişlidir.
Nə əli, nə səsi çatmaz Allaha,
Çəkər həyatını qəza şəklində
İzini özünə satarlar baha,
Cərimə adında, cəza şəklində.
Kredit alanın yaşı olmaz yüz,
Ömründən kəsirlər sələmi ilə...
Yazırlar, pozurlar gecə və gündüz,
Hansısa işbazın qələmi ilə...
Yerin hakimidir göylə gedənlər,
Haqqı olmayana haqq ödəyərsən.
Qaragözlü imiş tələb edənlər,
Düşür gözlərinə ağ, ödəyərsən.
Başında çatlayır hər qəza, qədər,
Fikirdən-zikirdən çatlayır başın.
Daşdan-daşa dəyər çoxaldıqca şər,
Nə başın suçu var, nə dəyən daşın.
Muzdurun ovcunun qabarı hədər,
"Ədalət" eyləyib ağ, ödəyərsən.
Matın quruyur ki, bu vaxta qədər,
Bəs necə qalmısan sağ, ödəyirsən...
SÜLEYMAN ABDULLA