Fariz Süleymanoğlu  - BAX

Ədəbiyyat 12:12 / 23.11.2026 Baxış sayı: 850

 

Təngə gəlib çıraq hisdən,

Xeyir şərdən, yaxşı pisdən,

Möhlət verən Rəbb İblisdən,

Mərhəmətə, zavala bax.

 

Bəlli eylə öz safını,

Ölç sözünü, bil lafını,

Yaxşıca süz ətrafını,

Niyyəti sez, amala bax.

 

Duy xainin ürəyini,

İtirər duz-çörəyini,

Gəl çevirmə kürəyini,

Aç gözünü, bir dala bax.

 

Canın qoyar yol-izinə,

Təzim edər hər sözünə,

O yaltağın iç üzünə

Quyruğunu tapdala bax.

 

Dara düşsə, mələr çıxar,

Gah ağlar, gah gülər çıxar.

Gör içindən nələr çıxar,

Al çomağı qurdala bax.

 

Bil ki, çirkə bit yığılar,

Pullu çalsa fit yığılar,

Sürü ilə it yığılar

Bir sümüyə, bir yala bax.

 

Üzə öyər, gendə söyər,

Ara vurar, böhtan deyər,

İlişəndə çaşıb döyər

Gah mıxa, gah da nala, bax.

 

Uğuruna nifrət edər,

Arxada yüz qeybət edər,

Ələ düşsə fürsət edər,

Qazar quyu, ya çala, bax.

 

Dostlar isə dağ kimidi,

Hüzur verən bağ kimidi,

Üzə çıxar, yağ kimidi,

“Nehrəni sən çalxala”, bax.

 

Namərd qaçar, mərd yığılar,

Türk birləşər, yurd yığılar,

Bozqurd ular, qurd yığılar,

                             Qərib, bir ocaq qala bax!