Faiq ŞÜKÜRBƏYL : - Qaraçorlu mahalıİ
Azərbaycanın ictimai-siyasi, mədəni, iqtisadi həyatında mühüm rol oynayan Qarabağ xanlığı yarandığı gündən müstəqil olmuş və kiçik dövlət qurumu kimi sərbəst fəaliyyətə başlamışdır. Qısa müddətdə tərəqqi tapmış, digər siyasi opponentləri arasında ciddi xanlıq kimi tanınmışdır.
Mərkəzi Şuşa şəhəri olan Qarabağ xanlığı 25 mahaldan ibarət idi. A Milman.isə Qarabağ xanlığında 21 mahalın olduğunu qeyd edir. Bax: Milman A. Politiçeskiy stroy Azerbaydjana v XIX-naçale XX vekov (adminstrativnıy apparat I sud, formı I metodıkolonialnoqo upravleniya).-Baku, 1966, str. 44.
Həmin mahallardan biri də Qaraçorlu mahalı idi.
Əksər mənbələr, o cümlədən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri", Pyer Oberlin, Mehrdad İzadi və Qiyasəddin Qeybullayev onları əslən Xorasandan olan bir kürd qrupu kimi təsvir etmişdir. Əhməd Cəfəroğlu isə onları İran türklərindən olan bir el kimi hesab edib. Azərbaycan mənbələrinə görə, qaraçorlular xəzərlərin bir qoludur. Əsaslanma ondan ibarətdir ki, ərəb qaynaqlarında xəzərlərin ağ xəzərlər və qara xəzərlər olaraq iki qola bölündüyü qeyd olunmuşdur. Qara xəzərlərin bir adı da, guya saçlarının qara olduğuna görə "qaraçur" idi.
Qaraçorlular İranın Şərqi Azərbaycan, Ərdəbil və Qərbi Azərbaycan vilayətlərində yaşayırlar. Şərqi Azərbaycan ostanında Qaradağ elinin oymaqlarından və Qərbi Azərbaycan və Ərdəbil əyalətində Şahsevən elinin oymaqlarından biri olunur.
Bəzi mənbələrdə Qaraçorlu bir neçə versiyada təqdim edilir. Tədqiqatçı-şərqşünas H.H.Zərinəzadə “Fars dilində Azərbaycan sözləri” (Səfəvilər dövrü) əsərində “Qaraçorlu” sözünün və toponiminin yaranma-yaşanma arealları haqqında məlumat vermişdir. (Bax: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı-1962, səh.351). Azərbaycan EA Şərqşünaslıq İnstitutunun tövsiyəsi və Azərbaycan SSR Elmlər Akademiyası Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə çap olunan bu əsərdə müəllifin qənaəti belədir ki, Qəraçorlu (Qaraçorlu) “Qaraçöl” və “qaraçöllü” sözlərinin fonetik dəyişikliyə uğramış müxtəlif formalarıdır.
Araşdırmalarını davam edən müəllif bildirir ki, bu söz üç mənanı (üç formanı) özündə ehtiva edir. Dilin qrammatik qaydalarına və fonetik dəyişikliyə uğramış qəraçorlu sözü aşağıdakı mənaları bildirir:
Birincisi, şəmşir növüdür. Döyüşlər zamanı istifadə edilən qılınc növlərindən biri qəraçorlu adlanır.
İkincisi, şəmşir bağlayan, qılınc vuran adam mənasını ifadə edir. Müəllifin fikrincə Səfəvilərin hakimiyyəti zamanı şəmşir qurşanan, qılınc vuran adam qəraçor adlanırdı.
Üçüncüsü, Qəraçorlu (Qaraçorlu) ağır, azman bir elin adıdır. Müəllif qeyd edir ki, “Qaraçorlu Şərqi Türküstan və Cənubi Azərbaycanda “Qaraçöl” adlı bir yerdə yaşayan elin çağırılma unvanıdır. Cənubi Azərbaycanda “Qaraçorlu” elinin qalıqları hələ də vardır”.
H.Zərinəzadənin “Qəraçorlu (Qaraçorlu) “qaraçöl” və “qaraçöllü” sözlərinin fonetik dəyişikliyə uğramış müxtəlif formaları” fikri bir sıra mənbələrlə üst-üstə düşür. Tədqiqatçıların qənaəti belədir ki, həqiqətən də qaraçorlu qaraçöl və qaraçöllü sözləri ilə eyni kökdəndir və eyni anlamdadır.
Qaracorlular əsasən heyvandarlıqla məşğul olurdular. Onların ucu-bucağı, sayı-hesabı bilinməyən qoyun sürüləri, mal naxırı, dəvə qatarları olurdu. Onlar mal-qaralarını saxlamaq üçün tez-tez yerlərini dəyişir, yeni otlaq sahələri axtarırdılar. Qaraçorlular nəhayətsiz əlverşli çöllərə yiyələnir və bu qara (geniş) çöllərdə heyvanlarını bəstləyirdilər. Yayda yaylağa, yazda yazlağa, payızda güzləyə və qışda qışlağa gedən bu elin sakinlərini həm də qaraçöllü adlandırırdılar. Yəni qara çöllərin sahibi, yiyəsi. Burada qara sözü rəng mənasında deyil, iri, böyük, geniş anlamındadır. Sonralar qaraçöl, qaraçöllü sözləri fonetik dəyişikliyə uğrayaraq “Qaraçorlu” kimi səslənməyə, adlanmağa başlamışdır.
Danimarka əsilli məşhur fransız coğrafiyaşünası və jurnalisti, 1822-1824-cü illərdə yeni yaradılmış Coğrafiya Cəmiyyətinin katibi olmuş Conard Malte-Brun (1775-1826) ümumdünya coğrafiyasına həsr edilmiş “Precis de geographie universelle” adlı 8 cildli əsərində İranda köçəri Türk tayfalarının siyahısını (1856) vermişdir. Verilən siyahıda 60-dan çox köçəri türk tayfasının adı qeyd olunmuşdur. Həmin siyahıda Qaraçorlu tayfasının da adı çəkilir və bildirilir ki, bu köçəri tayfa Azərbaycan, Xorasan və başqa yerlərdə yaşayırlar. Onların sayı on iki min nəfərdir.
Qədim tarixə malik olan Qaraçorlu eli əsasən Türkiyədə və İranda məskunlaşmışdır. Çoxlu mal naxırları, qoyun sürüləri və dəvə qatarlarına malik olan qaraçorlular köçəri həyat sürürdülər. Onlar mal-qaralarını saxlamaq üçün yeni otlaqlar arayır və bu minvalla da yerlərini tez-tez dəyişirdilər. Ömür günlərini dağlarda keçirən qaraçorlular qanun-qayda tanımır, hökmdar-filanı saymır, vergi ödəmir, sərbəst şəkildə öz güzəranlarını keçirirdilər.. Azadlığı, sərbəstliyi sevir, döyüşkən, üsyankar xasiyyətləri ilə seçilir, nə Səfəvi hökmdarlarına, nə də Osmanlı sultanlarına məhəl qoymur, şah fərmanı, sultan əmri tanımırdılar. Onlar yeri düşəndə qaçaq-quldurluqlarından da qalmırdılar. Onlar bir dul arvadın keçisini, bir kasıbın olan-qalan danasını aparmırdılar, əksinə kasıb-kusublara yardım edir, əlsiz-ayaqsıza pasiban dururdular. Onların işi dırnağından darı sızmayan iri mal-mülk sahibləri ilə, fərman yiyələri ilə idi. Qaraçorlular heç bir xəyanəti bağışlamırdılar. Onlar düşmənin qarşısında şax yeriməyi, şux gəzməyi hər şeydən üstün tuturdular. Əvvəllər Qaraçorlular Qərbi Azərbaycanın bir sıra nahiyələrində, Qarabağda isə əsasən qədim Məğaviz, Keştasf, Həkəri və Alpaut nahiyələrinin ərazisində məskunlaşmışdır.
XVIII yüzildə Azərbaycanda xanlıq üsul-idarəsi zamanı qaraçorluların toplum halında yaşadıqları ərazi Qaraçorlu mahalı adlanırdı. Bu mahala əsasən indiki Laçın bölgəsinini əhatə edirdi. Mahal Bərgüşad, Göyçə, Xaçın, Tatev mahalları ilə həmsərhəd idi.
Osmanlılar XVIII yüzilin 20-ci illərində Azərbaycanın bir sıra ərazisini, o cümlədən də Qarabağı tutduqdan sonra orada öz qaydalrını həyata keçirməyə çalışdılar. Buna görə də nəzarətləri altında olan bölgələrdə əhalinin vergi verən təbəqəsinin dəqiq siyahısını tərtib etdilər. 1727-ci ilə bağlı “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” adlanan bu sənəddə Qaraçorlu eli haqqında da bilgi vardır. Orada yazılır: “Bu camaatın (Qaraçorlu camaatının. F.Ş.) təxminən dörd yüz evi (xanə) olmuşdur. Əcəm (Səfəvi) dövründə itaətsizliyindən dolayı xəzinəyə vergi ödəmirdi. Vergilər öz kədxudaları tərəfindən mənimsənilmişdir. Rəayanın malını qarət etmələrindən dolayı, yaşadıqları Keştasf və Sazis adlı iki nahiyəni xaraba qoymuş və boşluğa çevirmiş, bir qisim ermənini həm xoşluqla, həm də məcburi şəkildə özlərinin rəayası etmişdir. Zarıs, Keştasf, Meğaviz və Həkəri tərəflərində əkinçiliklə məşğul olur, lakin üşr və bəhrəni vermirlər. Üzərlərinə əsgər göndərilsə də, sığnağ yaxınlığında yaşadıqlarından dolayı, sığnaqlara çəkilib gizlənir və indiyə qədər (əsgərlərə) onlar üzərində qələbə çalmaq müəssər olmamışdır. Bu vəziyyət indi də belədir”. (Bax: “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” (Əsli İstanbul Başbakanlık Arxivində saxlanılır. F.Ş.), Bakı, “Şuşa” nəşriyyatı, 2000, səh. 471).
Bu sənəddən o da aydın olur ki, Qaraçorlu elinin qoçaqlığı və igidliyi ilə ad qazanan oğulları həm də türk qanına susayan ermənilərin əl-ayaq açmasına imkan vermir, onları öz qapılarında nökər kimi işlədirdi.
Tarixçi Ə.Çələbizadənin yazdığına görə, 1727-ci ilin avqustunda Təbriz sərəsgəri Qarabağın Dizaq və Vərəndə nahiyələrinə Qaraçorlu kürd tayfalarına və Muğan düzünə Şahsevənlərə qarşı 15 min nəfərlik yüngül süvari qoşunu göndərmişdi.
İş o yerə çatmışdı ki, Osmanlı komandanlığı qaraçorlu tayfası ilə ayrıca saziş bağlamağa məcbur olmuşdu və bu sazişə görə qaraçorlular o şərtlə osmanlılara tabe olmağa razı olmuşdular ki, toplanan verginin yarısı Gəncə xəzinəsinə daxil olacaq, qalan yarısı isə qaraçorluların sərəncamında qalacaqdı.
Qaraçorlu eli Nadir şahın hakimiyyəti dövrünə qədər yarımmüstəqil həyat tərzi sürürdü. Nadir şah Qırxlı-Avşar (1735-1747) Qarabağı Osmanlı ordusundan təmizləməyə gələndə yerli tayfaları öz qoşununa dəvət etmək məqsədi ilə onları əsgəri xidmətə çağırdı. Qaraçorlular
Döyüşü, vuruşu sevən qaraçorlular həvəslə şahın çağırışına hay verdilər və həvəslə onun təklifini qəbul etdilərr. Elin başçısı Rüstəm bəy Nadir şahın ordusunda vəzifə aldı. Bir çox döyüşlərdə fərqlənən Rüstəm bəy Osmanlı dövlətinin baş vəziri Abdulla paşanı döyüşdə öldürdü.
Tarixçi Mir Mehdi Xəzani özünün “Kitabi-tarixi-Qarabağ” əsərində yazır: “Nadir şah Gəncə müharibəsinə məşğul ikən Abdulla paşanın şul əzim əsakirləri ilə İrəvana gəlməyini eşidib, Gəncə üstünə qoşun qoyub; özü əlli min qoşun ilə Abdulla paşaya müqabil gedib Naxçıvan və İrəvanın Arpa çayında davaları vaqe olub, Rum qoşununu basıb və Abdulla paşa vəziri-əzəmi Rüstəm bəy Kürd-Qaraçorlu öldürüb başını Nadir şah hüzuruna gətirmişdi. Bəd əz Gəncə və Tiflis və Şəki və Şirvan və Naxçıvan və Qarabağ və İrəvan və sair bu vilayətlər tamam Hadir şahın təsərrüfünə yetişib Rumun qoşunlarını şəhərdən və qalalardan mürəxxəs edib, sair əsir və qoşunları Abdulla paşanın nəşi ilə Rum vilayətinə göndərib asayiş hasil etdi”. (Bax: “Qarabağnamələr”, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991 səh.106).
Nadir şahın ordusunda Qaraçorlu elindən çox yetgin əmirlər xidmət edirdi. Onlardan Məhəmməd xan, Məhəmmədrza xan və Nəcəf sultanın adı daha bəlli idi. Nəcəf sultan Dərbəndə hakimlik etmişdi.
Daim azadlığı, sərbəstliyi sevən bu el Nadir şahın ölümündən dərhal sonra, yəni 1747-ci ildən yenidən itaətsizlik göstərib heç kimə tabe olmaq istəmədi. Sonralar Qarabağ xanı Pənahəli xanın ciddi səyi nəticəsində onlar ipə-sapa yatıb xanlıq ilə bir araya gəldilər. Bu yaxınlıq vuruşsuz ötüşmədi və Pənahəli xanın Qaraçorlu elini itaətə çağırması nəticəsiz qalmadı.
Pənahəli xan Qaraçorlu elinin sonralar baş qaldırmaması üçün Qaraçorlunun nüfuzlu şəxslərindən biri olan Həmzə sultan Hacısamlını onların başçısı təyin etdi. Həmzə sultan həm elin minbaşısı, həm də mahalın naibi idi.
Tədqiqatçı Ə.Çingizoğlu yazır ki, Qaradağa köçən qaraçorlular kiçikli, bəstamlı, gorussəng, qorçulu, şənbələr, kiçilanlı, bayramkanlı, şıxəlili, əmələ, kolanlı və s. oymaqlara ayrılırdı. Qarabağda yaşayan Qaraçorluların başçısı Həmzə sultan Hacısamlı, Qaradağda yaşayan Qaraçorluların başçısı isə Məhəmmədrza xan idi.
Məmmədrza xandan sonra onu oğlu Şir xan, Şir xanı isə Bədir xan, onun oğlu Bəşir xan əvəzlədi. Onların hər birisinin Qaraçorlu elinin tarixi inikişafında müəyyən rolu vardır. Bədir xan rus-fars savaşlarında iştirak etmiş və bu döyüşlərin birində ağır yaralanmışdır. Aldığı yara sağalmaz olduğundan onu müalicə etmək mümkün olmamış və o, dünyasını dəyişmişdir. O, Əhər şəhərinin qəbiristanlığında Şeyx Şihabəddinin qəbri yaxınlığında dəfn olunmuşdur.
Bədir xandan sonra başçı seçilən Bəşir xanın da taleyi yaxşı gətirmədi. Bəşir xan və onun ikinci oğlu Şeyxəli xan 1834-cü ildə Herat savaşında əfqanlar tərəfindən öldürüldü.
Herat savaşında Qarabağda yaşayan Qaraçorluların başçısı Hacı Raza xan Şir xan oğlunun igid övladı Cəfərqulu xan idi. Əmir Tuman Cəfərqulu xan Rza xan oğlu 1800-cü ildə Qaradağ vilayətinin Məvazixan mahalında dünyaya gəlmişdi. Atasından sonra Qaraçorlu elinin hakimi olmuşdu. Qacarlar ordusunun sərkərdəsi idi. Əmir Tuman (general-mayor) rütbəsi daşıyırdı. Rusiya-İran (1826-1828), İran-Əfqan müharibələrində iştirak etmişdi. Bu ünlü Qaraçorlu əmiri qacarların siyasi həyatında mühüm rol oynamışdı. Cəfərqulu xanın Surxay xan adlı oğlu vardı.
Cəfərqulu xan Herat savaşında sücaət göstərmiş və yaralanmışdır. O, yarasının ağır olmasına fikir verməyərək qəhrəmanlıqla döyüşür, düşmənə layiqli cavab verməyə çalışırdı. Ağa Məhəmməd şah Qacar Cəfərqulu xana döyüşlərdə göstərdiyi misilsiz sücaətə görə altun və at bağışlamışdır. Qaraçorluların ictimai-siyasi həyatında böyük rol oynayan Cəfərqulu xan Qacar ordusunda yüksək bir ünvan-əmir tuman rütbəsi daşıyırdı.
Cəfərqulu xan Qaraçorlu qoçaqlığı, igidliyi ilə bərabər, həm də kişiyana hərəkətləri, mərdanəliyi, dosta sədaqətliyi, silahdaşlarına vəfadarlığı ilə tanınırdı. Onun özəl xüsusiyyətləri 1848-ci il "Məhəmmədiyyə" qəsrində Məhəmməd şah Qacar dünyasını dəyişəndən sonra özünü bir daha göstərdi.
Həmin il Məhəmməd şah Qacar Məhəmmədiyyə qəsrində dünyasını dəyişəndən sonra ölkədə qarışıqlıq düşdü. Sarayda əyanlar sözbirliyinə gəlib qərarlaşdılar ki, xəzinəni talayıb pulla köçəri tayfalardan qoşun toplasınlar və hakimiyyətə yiyələnsinlər. Bu zaman vəliəhd Nəsrəddin Mirzə Təbrizdə idi və bu qarışıqlıqdan xəbərsizdi. Məhəmməd şah Qacarın arvadı Məhdi Ulya xanım Cəfərqulu xan Qaraçorlunun üstünə qaçıb bu işə əncam çəkməsini xahiş etdi. Cəfərqulu xan öz sədaqətini nümayiş etdirib 150 nəfə silahlı atlı ilə xəzinəni qorumağa başladı. Əyanlar və şahzadələr bu işə Cəfərqulu xanın qarışdığını görüb geri çəkildilər.
Tarixçi Mirzə Yusif Qarabağinin “Tarixi-Səfi” adlı əsərində Hacısamlı igidlərinin Qacarın ordusuna köməklik göstərməsi barədə qeydlər vardır. Bu barədə müəllif yazır: “Hacı Ağalar Xudafərin körpüsü ətrafında dayanan Abbas Mirzəyə xəbər verdi ki, qullar ağası Qasım xan qoşundan bir dəstə tüfəngçi qulam və iki top götürüb Qaradağ yolu ilə ilə gəlib Həkərə çayının yanında ruslara çatmış, hər iki tərəfdən qoşunlar arasında şiddətli vuruşmalar olmuşdur. Bir tərəfdən qızılbaşlar, digər tərəfdən Hacı Samlının kürdləri və qeyri türklər, eləcə də günəşin istisi, yolların çətinliyi, əyri-üyrülüyü ruslara mane olduğu üçün qalaya gələ bilmədilər və batalyonu da suya çatdıra bilməyib dağıldılar. Bəziləri qətl olundu və bir hissəsi də əsir düşdü, bir qismi də özünü meşədə cəngəllikdə və ətrafda olan xaçpərəstlərin himayəsinə arxalıanaraq xilas edilə bildilər”. (Bax: Mirzə Yusif Qarabaği “Tarixi-Səfi” əsəri, “Qarabağnamələr”, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991 səh.66)
Qaraçorlu elinin Qarabağda dövran sürən camaatları içərisində Hacısamlı, Alıyanlı (Əliyanlı), Şeylanlı və digərləri daha fəal idilər. Bu icmaların içərisində Hacısamlı Qarabağ xanlığının ictimai, siyasi həyatında mühüm rol oynayırdı. Hacısamlı icması Qarabağın talandan xilası naminə rus-İran savaşında gah ruslara, gah da iranlılara kömək etmişdi.
Qaraçorlu mahalını Pənahəli xan Sarıcalı-Cavanşirin hakimiyyəti dövründə Həmzə sultan, onun ölümündən sonra isə növbə ilə oğulları Fərzəli sultan, Fətəli xan və Əsəd sultan idarə etmişlər.
XVIII yüzilin 70-ci illərindən etibarən Qarabağ xanlığında Qaraçorlu tayfasını Xanlar ağa təmsil edirdi. İgidliyi və mərdanəliyi ilə ad qazanan polkovnik Xanlar ağa İbrahimxəlil xanının hakimiyyətinin son illərində Qaraçorlu tayfasına rəhbərlik edirdi. Qaraçorlu igidləri savaşlara və döyüşlərə Xanlar ağanın başçılığı ilə gedirdilər. Bu barədə tarixçi Mir Mehdi Xəzani özünün “Kitabi-tarixi-Qarabağ” adlı əsərində bir neçə dəfə məlumat vermişdir.
XVIII yüzilin II yarısında Qaraçorlu mahalında bir neçə tayfa icması və kənd camaatı cəmlənmişdi. Ən böyük icmalardan biri Hacısamlı idi. Qaraçorlu camaatı öz adını Hacı Sam Şadılıdan alıb. Bəzi qaynaqlara görə Hacı Sam Xorasanda yaşayıb. Hacı Samın Hüsən (Hüşam da deyilirdi) adlı oğlu vardı. Hüsən Xorasanda, Məşhəd dövrəsində dünyaya gəlmişdi. Bəzi mənbələrə görə seyid əsillidir. Heyvandarlıqla məşğul idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Hüsənin Şirin bəy adlı oğlu vardı. Şirin bəy Məşhəd civarında dünyaya gəlmişdi. Böyüyüb boya-başa çatandan sonra tayfa-toluğunu (10 ailədən ibarət Babadünlü tayfasını) başına yığıb, Qarabağa üz tutmuşdu. İlk dəfə Ərdəşəvə və Vağazin torpaqlarında binələmişdi. Zorkeşişdə məskunlaşan qeyri-müsəlmanlar Şirin bəyin tayfasına korluq vermiş, mal-heyvanını otlağa buraxmamışdı. Sonra Şirin bəy camaatı başına toplayıb zorkeşişliləri qovub-çıxarmışdı. Köməyə gələn Kəvənli (Kavanlı) tayfasına da xeyli torpaq ayırmışdı.
Belə deyirlər ki, Hacı Sam, Qasım və Qara Bayram qardaş olublar. Hacısamlı camaatının bu üç qardaşın törəməsindən yaranması barədə el içində fərziyyələr dolaşmaqdadır.
Hacısamlı camaatı bir neçə tayfadan ibarət idi. Bu tayfalar: Hacılı camaatı, Qasımuşağı, Qarabayramlı, Əhməduşağı, Qaraçənli, Babadünlü tayfalarından ibarət idi.
Hacılı camaatı Kəvənli (Kavanlı da deyilir), Babadünlü, Babadün, Qaraçənli-Alaqaya, Qaraçənli-kümbəzli, Qasımuşağı (Kürdhacı), Əhməduşağı (Rəsullu), Namlı (Lələbağırlı), Qarabayramlı, Ərdəşova, Pircahan, Piçənis, Vağazin və Şəlvə adlı kəndlərdən ibarət idi.
Qasımuşağı tayfası-Kürdhacı, Şamkənd, Birinci Çorman, İkinci Çorman, Ələkçi, Bozdoğan, Piçənis, Bülövlük kəndlərini salmışdılar.
Qarabayramlı tayfası-Şəlvə, Qabaqtəpə-Daşlı, Kalafalıq-Daşlı, Canıbəyli, Narışlar, Vəlibəyli, Budaqdərə, İmanlar, Hacıxanlar, Qovuşuq, Dambulaq-Seyidlər, Kaha, Pircahan, Alpoud, Qoşasu, Alıqulular kəndlərini yaratmışdılar.
Əhməduşağı tayfası-Hətəmlər, Muncuqlu-Rəsullu, Korcabulaq, Taxtazavod yaşayış məntəqələrini binə etmişlər.
Qaraçənli tayfası-Qorçu, Qarabəyli, Zağaaltı, Lələbağırlı, Ərikli, Güləbird və başqa kəndlərin əsasını qoymuşlar.
Babadünlü tayfası-Bülüldüz, İpək kəndlərinin bünövrəsini qoydular.
Qaraçorlu xanlıq zamanı mahal statusunu almış və bu mahal 1747-1822-ci illərdə mövcud olmuşdur. Mahal Mağaviz, Keştaz və Alpağut nahiyələrinin birləşməsi nəticəsində yaranmışdır. Hacısamlı, əliyanlı, gəloxçu, şeylanlı, təhməzli camaatları Qaraçorlu mahalının aparıcı qüvvələri idi. 1823-cü ilə aid rus qaynağında qeyd olunur ki, Şeylanlı obası, Gəloxçu obası, Təhməzli obası, Şadmanlı obası, Kürdlər obası, Ördəkli obası, Seyidlər obası Qaraçorlu mahalına bağlı idi.
(Bax: Описание Карабахской провинсии, состовленное в 1823 году, по распоряжению главноуправляющего в Грузии Ермолова действительным статистким Советником Могилевским и полковником Ермоловым. Тифлис, 1886).
Qaraçorlu mahalının seçkinlərini saymaqla tükənən deyil. Onlardan bir neçəsini sıralayırıq:
Bulud Qaraçorlu Səhənd
1926-cı ildə Marağa şəhərində anadan olub. İlk təhsilini Marağa və Təbrizdə alıb. 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayıb. Xoştəb şair olub. Səhəndin gənclik illəri 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. O, Cənubi Azərbaycanda İ Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda gedən mübarizədə fəal iştirak edib.
Milli hərəkatın aktif iştirakçılarından olan Bulud 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Cənubda Milli Hökumətin qurulmasını alqışlayır və bu tarixi hadisə onun qəlbində böyük ruh yüksəkliyi yaradır. Bu bəşəri hadisədən ruhlanan şair vətənpərvərlik mövzusunda oxunaqlı, sevinc və iftixardan doğan şerlər yazır. Lakin Milli Hökumətin uzunömürlü olmaması ona və yaradıcılığına mənfi təsir göstərir. Bununla belə lirik şerləri ilə ürəkləri oxşayan şair şerləri ilə insanların qəlbində sabaha inam toxumunu cücərtməyə çalışır.
Xalq yaradıcılığına bağlı olan şair məşhur "Sazımın sözü" əsərini yazır. Səhənd 1979-cu ildə vəfat edib.
Bulud Qaraçorlu Səhənd aşağıdakı kitabların müəllifi idi:"Dədəmin kitabı". (Stokholm, 2006), Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, 280 səh.
.Xanlar xan Qaraçorlu
Xanlar xan Hüseynqulu xan oğlu Qaraçorlu (1885, Bocnurd – 1959) — Qaraçorlu elinin başçılarından, Məşrutə hərəkatı üzvü, səfərnamə müəllifi.
Xanlar xan Hüseynqulu xan oğlu 1885-ci ildə Xorasan əyalətində, Bocnurd şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının vəsiyyətinə əsasən böyük şəhərlərə yollanmayıb, əkinçiliklə məşğul olmuşdu. Çuğundur əkmiş, karxanaya təhvil vermişdi. O, Sərdari-Müəzzəz Əzizullah xan Bocnurdinin bacısı oğlu, Yarməhəmməd xan Şadlının qız nəvəsi idi. Sərdari-Müəzzəz general Canməhəmməd xan Əmir-Əlainin əmri ilə tutulub edam edilmişdi.
Xanlar xan gün-güzəranın, gündəmin diqtəsi ilə siyasətə atılmışdı. Seçkilərdə iştirak etmişdi.
Xanlar xan Qaraçorlu 1959-cu ildə vəfat edib.
Xanmurad bəy Qaraçorlu
Farsdilli Qaraçılar Balakən rayonu ərazisinə I Şah Abbasın hakimiyyəti dövründə köçürülüblər və sayları 2 min nəfərdən artıqdır. Əsasən Şambulbinə, Gülüzanbinə, Məlikzadə kəndlərində yaşayırlar. Özlərini pars adlandıran bu qrup həmçinin Qax rayonunda məskunlaşmışdır. Rayonun Qapıçay kəndi əhalisi 1 ailə istisna olmaqla tamamiylə, Güllük kəndində isə təxminən 20 ailə farsdilli qaraçılardan ibarətdir.
Kurmanc dilli qaraçılar Azərbaycana XX əsrin 50–60–cı illərində Qazağıstandan köçürülüblər və özlərini kürd adlandırırlar. Onlar əsasən Yevlax rayonu olmaqla həmçinin Bərdə, Göyçay, Ağsu, Ağdaş, Şamaxı, Zaqatala və Xaçmaz rayonlarında kütləvi şəkildə yaşayırlar. Yevlax rayonunda yaşayan qaraçıların sayı 2.563 nəfərdir və əsasən Yevlax şəhərində məskunlaşıblar.Farsdilli Qaraçılar Balakən rayonu ərazisinə I Şah Abbasın hakimiyyəti dövründə köçürülüblər və sayları 2 min nəfərdən artıqdır. Əsasən Şambulbinə, Gülüzanbinə, Məlikzadə kəndlərində yaşayırlar. Özlərini pars adlandıran bu qrup həmçinin Qax rayonunda məskunlaşmışdır. Rayonun Qapıçay kəndi əhalisi 1 ailə istisna olmaqla tamamiylə, Güllük kəndində isə təxminən 20 ailə farsdilli qaraçılardan ibarətdir.
Kurmanc dilli qaraçılar Azərbaycana XX əsrin 50–60–cı illərində Qazağıstandan köçürülüblər və özlərini kürd adlandırırlar. Onlar əsasən Yevlax rayonu olmaqla həmçinin Bərdə, Göyçay, Ağsu, Ağdaş, Şamaxı, Zaqatala və Xaçmaz rayonlarında kütləvi şəkildə yaşayırlar. Yevlax rayonunda yaşayan qaraçıların sayı 2.563 nəfərdir və əsasən Yevlax şəhərində məskunlaşıblar.Xanmurad bəy Xıdır bəy oğlu 1800-cü ildə Qarabağ xanlığı Qaraçorlu mahalının Hacısamlı bölgəsinin Kürdhacı (Qasımuşağı) obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.
Xanmurad camaat arasında sadəcə Murad adı ilə çağrılarmış. Murad zirək, çalışqan və əməksevər bir gənc imiş.Xırda alverlə məşğul olar, at və qatır saxlayarmış.Yaxşı atı və qatrı tanımaqda Murad mahir imiş. Ona görə də camaat arasında qatırçı Murad kimi tanınırmış.
Tədqiqatçı-alim Əli Əliyev “Laçın - Qədim Oğuz yurdu” (Bakı-2009. "Avropa" nəşriyyatı. səh.72-73) yazır ki, Xanmurad bəy əvvəlcə Hətəmlər kəndindən Şahverdinin bacısı Ağapəri xanımla ailə qurmuşdu. Bu evlilkdən Əlipaşa (Paşa) adlı oğlu vardı.
Xanmurad xırda alverçi olduğu üçün kəndləri gəzir, hamı ilə əlaqə saxlayır, ünsiyyətdə olur. Bir gün Xanmuradın həyat yoldaşı Ağapəri öyrənir ki, Xanmurad Əsəd Soltanlar kəndindən Əsəd Soltanın dul qalmış bacısı Bəyim xanımla evlənmək istəyir. Bu xəbəri eşidən Ağapəri bərk hirslənir. Ağapəri etirazını bildirmək üçün Bəyim xanıma məktub yazır. Bildirir ki, mən heç də sonsuz deyiləm ki, sən mənim üstümə günü gələsən. Məktuba aşağıdakı məzmunda sonluq yazır:
Gülü gülüstan üstünə,
Gün düşüb bostan üstünə.
Gedin deyin o tülküyə,
Gəlməsin aslan üstünə.
Yazılan məktubu Bəyim xanıma çatdırırlar. Məktubu oxuyan Bəyim xanım qürurunu pozmadan cavab yazır:
Gedin deyin ağlamasın,
Başına qara bağlamasın.
Tülkü deyib çağlamasın,
Dağ gəlir aslan üstünə.
El arasında bunun başqa bir variantınıda söyləyirlər:
Çaşırı vurdum Şəliyə,
Getdim çıxdım Dadməliyə.
Gedin deyin Ağapəriyə,
Dağ gəlir aslan üstünə.
Yaranmış bu söz söhbətə baxmayaraq Xanmurad Bəyim xanımla evlənir.Bu izdivacdan sonra Xanmurad oğlu Paşa bəy rütbəsi almaq üçün Sultanov soyadını qəbul edir və Qafqaz canişini M.Vorontsovun yanına gedərək bəylik rütbəsi alır. Paşa bəy Hacısamlı bölgəsinin bəyi təyin edilir.
Xanmurad bəyin Əlipaşa bəy, Mеhralı bəy, Şahmurad bəy, Əmirmurad bəy adlı oğulları və Mеhribanu xanım adlı qızı vardı. Qaraçorlu Xanmurad bəy Xıdır bəy oğlu Qarabağ bəyi, Sultan bəyin babası idi.
Abbas bəy Rzabəyov
Abbas bəy Əlirza bəy oğlu 1813-cü ildə Qaraçorlu mahalının Qazıkürdalı kəndində anadan olmuşdu. Təhsilini mollaxanada almışdı. Sovet ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı. Abbas bəyin Şükür bəy, Behbud bəy, Mahmud bəy adlı oğlanları vardı.
Seyid Məhəmməd ağa Qarabaği
Seyid Məhəmməd ağa Seyid Şahverdi xəlifə oğlu 1795-ci ildə Qaraçorlu mahalının Seyidlər obasında anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdu. Kəndlərinin dini işləri ilə məşğul olurdu. Çar üsul-idarəsi dövründə Tiflis Ruhani İdarəsinin, Yelizavetpol (Gəncə) ruhani məclisinin qərarı ilə axund ünvanı almışdı. Seyidlər prixoduna (Seyidlər, Pircahan, Əliqulu kəndləri) molla təyin edilmişdi. Məktəbdarlıqla məşğul olmuşdu.
Seyid Məhəmməd ağanın Seyid Yəhya ağa, Seyid Şahverdi ağa, Seyid Hüseyn ağa adlı oğulları vardı.
Seyid Məhəmməd ağa Qarabaği
Seyid Məhəmməd ağa Seyid Yusif ağa oğlu 1826-cı ildə Qarabağın Qaraçorlu mahalının Seyidlər kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra şuşa şəhərində mədrəsədə oxumuşdu. Çar üsul-idarəsi dövründə Tiflis ruhani idarəsinin, Yelizavetpol (Gəncə) ruhani məclisinin qərarı ilə axund ünvanı almışdı. Ağkörpü prixoduna (Ağkörpü,-Buznalı, Ağcakənd, Alpaut, Avaryan-2kəndləri) molla təyin olunmuşdu. Məktəbdarlıqla məşğul olmuşdu.
Seyid Məhəmməd ağanın Seyid Əli ağa, Seyid Salah ağa, Seyid İbrahim ağa adlı oğulları vardı.
Qaraçorlu mahalı 1840-cı ildə ləğv olunmuş, ərazisi Şuşa qəzasının Zəngəzur sahəsinin tərkibinə qatılmışdır.
Faiq ŞÜKÜRBƏYLİ,
tədqiqatçı-etnoqraf