Əşrəf Veysəlli - HƏLƏ Kİ

Ədəbiyyat 10:21 / 14.01.2026 Baxış sayı: 1969

 

Mənimki şeirdir, mənimki sözdür,

Öz halal mülkümdə xanam hələ ki.

Namərdin gülləsi tuş gəlməz mənə,

Namaz üstündədir anam hələ ki.

 

Ürəyim həsrətin, qəmin əlində,

Gör əsir qalmışam kimin əlində.

Hisslərim mələşir simin əlində,

Sözlərə meydandır sinəm hələ ki.

 

Ömrümün sarayı aşıb, tökülüb,

Hasarım dağılıb, daşım tökülüb.

Saqqalım ağarıb, dişim tökülüb,

Ancaq dartılmayıb çənəm hələ ki.

 

Adımın mənası kəsib yolumu,

Zatımın mayası kəsib yolumu.

Ağsaqqal həyası kəsib yolumu,

O qoymaz danışıb dinəm hələ ki.

Göydəki qəndillər ahımdan küsüb,

Yerdəki bülbüllər bağımdan küsüb.

İlhamım ixtiyar çağımdan küsüb,

Qayıtmır gölümə sonam hələ ki…

Bəs hara getmişdin?,

Nə vaxt gəlmisən?

Elə uşaq gedib, uşaq gəlmisən…

Nə bilim, bəlkə də nahaq gəlmisən.

Ay oğul!

Sən bura qonaq gəlmisən,

Burda ev yiyəsi mənəm hələ ki!..