ELŞƏN ƏZIM - KÖLGƏMİN AĞRISI
Bəxtimizin tavanından süzülüb,
Ömrümüzə damcılayan adamlar.
Necə nizam, necə gözəl düzülüb,
Kölgəmizi qamçılayan adamlar.
Tanıyıram qamçı tutan əlləri,
Biri itir, biri dəyir gözümə.
Görən niyə bu qamçılı adamın-
Kölgəm məndən iri dəyir gözünə?
İşıq düşdü kölgə asan göründü,
Mən bilirəm işıqdandı kölgələr.
Bəlkə bir gün kölgədə qan göründü,
Bəlkə bir gün işıqlandı kölgələr.
Zil qaradır bürüncəyi, köynəyi,
Yarasında sarğısı var kölgəmin.
Mən bilirəm harasında göynəyi,
Harasında ağrısı var kölgəmin.
Cənazəmi sallayarlar qəbirə,
Məndən əvvəl kölgəm düşər məzara.
Torpaq altda işıq olmur, əzizim,
İşıq yoxsa, kölgə hara, mən hara?
06.09.2025