Elşən Əzim - Həkim dedi, qulağında tıxac yaranıb

Ədəbiyyat 10:20 / 15.06.2026 Baxış sayı: 372

Həkim dedi, qulağında tıxac yaranıb,

Sözlərinmi, səslərinmi tıxacıdır bu?

Həkim dedi, gözlərin də zəifdir daha,

Duymamağın, görməməyin əlacıdır bu.

 

Yollar boyu gör nə qədər yol çəkib gözüm,

Bəbəyimdə düyün düşən ömür yoludur.

Hər ekranda göz dağıdı gördüklərimiz,

Hər telefon bəd xəbərli qulaq falıdır.

 

Mən bu ömrü özüm sürdüm sürgünə doğru,

Döndü həkim tərəfə də təkəri bir gün.

Oldu şirin arzularım acı bir ağrı,

Gəldi acı günlərimin "şəkər" i bir gün.

 

Qulağımda guppuldayar qəlbimin səsi,

Göz də elə vacib deyil yaşamaq üçün.

Gərək alam özümə bir çiyin çantası,

Eynəyimi, dərmanımı daşımaq üçün.

 

İllər ötür, yaxınlaşır solğun uzaqlar.

Dərmanlarım, xoş gəldiniz, eynəyim, salam.

Bundan belə zəif gözlə, zəif qulaqla,

Gərək bir az özümdən də göz-qulaq olam.

 

14.06 . 2026