Əlizadə Nuridən ÜÇ ŞEİR

Ədəbiyyat 20:28 / 19.04.2024 Baxış sayı: 760

 

Yüküm elə ağırdı ki...

 

Mənimki Allaha qalıb-

Bu dünyada haqq gəzirəm.

Qar basmış bu meşəlikdə

Bir yaşıl budaq gəzirəm.

 

Hansı suçundan asılıb-

O qız saçından asılıb?

...Dar ağacından asılıb

Şükür, hələ sağ gəzirəm.

 

Bu iynəyə sap axtarım,

Saf vardı ki, saf axtarım?!

Cəlladda insaf axtarıb-

Qara rəngdə ağ gəzirəm...

 

 

Ömür özü nağıldı ki...

Bu açılan paxırdı ki...

Yüküm elə ağırdı ki-

Haçandı axsaq gəzirəm.

 

Bu olubdu tək istəyim:-

Tanrıdan ətək istəyim.

Hamını sevmək istəyib-

Hamıdan uzaq gəzirəm...

 

 

Arama

Bu eşq hava kimi gəlib başıma,

Məni yara göstər,pirə aparma.

Mən bu ayrılığın son sinfindəyəm

Götürüb təzədən birə aparma.

 

Dünən dost sandığım yadları göstər,

Yerin canındakı çatları göstər,

Mənə görünməyən qatları göstər-

Məni gətirdiyin yerə aparma.

 

Xəyanət- dünyanın mərəzidir bu,

Kim deyir düz çəkən tərəzidir bu?

Sevdiyim bir dağın dərəsidir bu-

Qoy olsun məzarım dərə, aparma...

 

 

 

 

 

Bəxtimiz yatanda ayılmışıq biz...

 

Günəş də ərimək öyrədir qara,

O dar ağacı da çəkilə dara...

Kim məni mindirib xəyal- qatara

Dünyanın neçənci qatındayam mən?

 

Mən elə sünbüləm, dən-dən istəmə,

Milyonun yerini mindən istəmə.

Sən mənim canımı məndən istəmə-

Bilmirsən Allahın adındayam mən?!

 

Bir az qaranlıqdıq, bir az işıq biz,

Bəxtimiz yatanda ayılmışıq biz.

Bir ağac altında ayrılmışıq biz-

Hələ o ağacın altındayam mən...