Əlizadə Nuri - Hər adam- bir damla yağış suyudu

Ədəbiyyat 19:36 / 07.08.2025 Baxış sayı: 2215

 

Ya əlli yaşında, ya yüz yaşında,

Ömür daşımaqdan yorulur adam.

Gecə aşiq olur ay işığına

Gündüz də günəşə vurulur adam.

 

Ömür hara belə baş alıb gedir?

Bir qab su kimidi- boşalıb gedir...

Axırda bir parça daş olub gedir-

Dünyaya gələndən yonulur adam...

 

Dərədə dincələn yoxuş suyudu...

Ya yaz yağmurudu, ya qış suyudu.

...Hər adam bir damla yağış suyudu-

Torpağın altına sorulur adam...