Əlirza HƏSRƏT - BALABAN

Ədəbiyyat 14:38 / 17.10.2026 Baxış sayı: 712

 

Baş qoyub çiyninə "yetim segah"ın,

Gözləri yol çəkən yastı balaban.

Min illik dərdlərin məlhəmi kimi,-

Ahımı bağrına basdı balaban.

 

Bu necə şahdır ki taxtı,tacı yox,

Qoşundan,silahdan ehtiyacı yox.

Edam kötüyü yox,dar ağacı yox,

Hamıya vəfalı dostdu balaban.

 

Bir nakam sevgiyə qərib heykəldi,

Şöhrəti Günəşə,Aya yüksəldi.

Dərdindən ölməyim xoşuna gəldi,

Qəbrimin üstündə susdu balaban.