Tofiq Əmrahov - Dost görüşü, sirdaş görüşü

YAZARLAR 18:00 / 16.10.2026 Baxış sayı: 318

 

 

İlahi, nə gözəl gün oldu bu gün!

Əziz dostum, İrşad müəllim Əliyevlə görüşdük. Həm də elə yerlərdə görüşdük ki, həmin məkanlarda ayaq izlərimiz qalıb, xatirələrimiz yaddaşlara həkk olunub. Bu yerlər bizim üçün sadəcə bir məkan deyil, ömrümüzün bir parçasıdır. Bu torpaqlar uğrunda canımızı qoymuş, sağlamlığımızı qurban vermişik.

İndi isə yenidən həmin yerlərdə dayanmışdıq. Bir-birimizə baxdıqca, illərin izlərini üzümüzdə, sağlamlığımızın əvvəlki kimi olmadığını görürdük. Zaman öz sözünü demişdi. Amma nə dostluğumuzdan, nə Vətən sevgimizdən, nə də xatirələrimizdən bir şey əskilmişdi.

Dağlara baxırıq...

Kəpəzə, Murova baxırıq... Qürurlanırıq!

Çünki arzumuz çin olub, əhdimiz yerinə yetib. Azad görmək istədiyimiz torpaqlar indi necə də gözəl görünür! Hər qarışında bir xatirəmiz, hər yüksəkliyində bir ömrün izi var.

Yüksəklikdəyik... Lap yüksəkliklərdə!

Kövrək hisslərə qapılırıq. Bəlkə də, illərin yaddaşımızda qoruyub saxladığı duyğular dilə gəlmək, bir daha yaşanmaq istəyir. Bu anlarda sözlər də adama azlıq edir...

İrşad müəllimin oğlu, əziz qardaşoğlumuz Vüqar Əliyev bu kövrək anları görüb söhbətimizə qoşulur. Sanki istəyir ki, duyğularımızın axarını başqa səmtə yönəltsin. O danışdıqca biz diqqətlə qulaq asırıq. Ən çox da mən...

Onun hadisələrə yanaşması, onları təhlil etmək bacarığı, yüksək intellekti məni sevindirməyə bilməzdi. Qarşımda təkcə savadlı bir gənc deyil, həm də atasının adına, nüfuzuna layiq bir övlad dayanmışdı.

Ürəyimdən fəxrlə bu sözlər keçirdi:

— İrşad müəllimin çox layiqli davamçısı gəlir! Gəl, qardaşoğlu, gəl! Atanın nüfuzlu, şöhrətli adını daha da ucalt!

Bəli, dostum, insanın ən böyük sərvətlərindən biri də arxasınca öz adına layiq övlad qoyub getməsidir. İrşad müəllimin Vüqar kimi bir övladının olması mənim üçün də sevindirici idi.

Söhbətimiz uzandıqca xatirələr bir-birini əvəz edirdi. Sözə, söhbətə, keçmiş günlərə doymurduq. Elə bilirdik ki, bir az da danışsaq, illərin həsrətini çıxara biləcəyik. Amma həyatın öz qanunları var...

Mənim heç istəmədiyim, amma gələcəyini bildiyim ayrılıq anı gəlib çatdı.

Dostumla vidalaşmalı idim.

Nə deyəsən? Bu qədər xatirənin, bu qədər doğmalığın qarşısında ayrılıq sözü necə asan deyilsin?

Əlvida, dostum! Əlvida, sirdaşım!

Amma bu, əbədi əlvida deyil. Bu, yalnız müvəqqəti ayrılıqdır. Qismət olsa, yenə görüşəcəyik, yenə həmin doğma söhbətlərin başına yığışacaq, yenə xatirələrimizi vərəqləyəcəyik.

Təki Allah can sağlığı versin!

Təki görüşlərimiz davam etsin!

Təki dostluğumuzun ömrü bizim ömrümüzə yoldaş olsun!

 

Todan – Erkəç – Todan

16 oktyabr 2026-cı il