Adil Şirin -Payız çiçəkləri hələ solmayıb
* * *
Payız çiçəkləri hələ solmayıb,
Yarpaqlar tökülüb xəzəl olmayıb.
Bu dağlar heç belə gözəl olmayıb,
Belə dalğın, belə gözəl, sevdalı.
Belə dalğın, belə gözəl, sevdalı,
Könlüm kimi dəli, başı havalı.
Xatirələr qızılı cökə balı,
Ürəyim titrəyir rüzgar əsincə.
Ürəyim titrəyir rüzgar əsincə,
Alsın dağ başını buludlar gecə.
Bir yağış yağsın incədən incə,
Bir uğur mələyi döysün qapımı.
Bir uğur mələyi döysün qapımı,
Şeirlərimin qaynasın qanı.
Girov qoyum burda bu şirin canı,
Uğur mələyiylə uçum göylərə...
Payız çiçəkləri hələ solmayıb,
Yarpaqlar tökülüb xəzəl olmayıb.
Bu dağlar heç belə gözəl olmayıb,
Belə dalğin, belə gözəl, sevdalı...