Əliağa Kürçaylı- HƏSRƏTİN

Ədəbiyyat 14:00 / 17.10.2026 Baxış sayı: 763

 

Getdin,həsrətinə tapşırdın məni,

Tək qala bilməzdim qəmlə, kədərlə.

Həsrətin danışdı olub-keçəni,

Məni ovundurdu xatirələrlə.

 

Sənli günlərimi anıb danışdı,

Canlandı qarşımda sürətin sənin.

Mənim əvəzimə yanıb danışdı,

Səndən vəfalıymış həsrətin sənin.

 

Həsrətin sinəmdə illəndi qaldı,

Mən ondan alıram sənin ətrini,

Həsrətin gözümdə gölləndi qaldı,

Yaman istəyirmiş mənim xətrimi.

 

Onundur ya sənin sinəmdəki dağ?

Bəhsə giribsiniz dağ çəkməkdə siz.

Həsrətin yaxındır, sən özün uzaq...

Gərək yerinizi dəyişərdiniz..