Ələsgər ƏLİOĞLU - GORANBOYLU HƏSƏNİ

Ədəbiyyat 11:00 / 14.01.2026 Baxış sayı: 1877

 

(Şair-masabəyi Həsən Goranboyluya)

Odun-ocaq yanmayırsa od olmaz...

Söz-söhbətdə istəyincə dad olmaz.

Görsəniz ki, sərin keçir toy bir az,

Ölçün-biçin kimin yeri görsənir;

Gedin tapın Goranboylu Həsəni.

 

Kəlmə-kəlmə, söz-söz fikri xırdalar,

Danışdıqca öz-özündən od alar...

Yaddaşlarda bir silinməz iz salar,

Xoş sözlərlə sevindirər o səni;

Gedin tapın Goranboylu Həsəni.

 

Hamının da alar bir-bir könlünü.

Dərdin, qəmin bərk-bərk kəsər önünü.

Üz güldürər hər kəlməsi, hər ünü,

Qoymaz olsun məclisin bir küsəni;

Gedin tapın Goranboylu Həsəni!..