Ələsgər ƏLİOĞLU - DƏMİR YIĞAN KİŞİ

Ədəbiyyat 14:27 / 03.11.2025 Baxış sayı: 1176

 

Düşüb qapı-qapı

Dəmir yığan kişi,

Əsiri olursan gah toz-torpağın,

gah da palçığın.

Səhərdən axşama kimi

Ehtiyacın arxasınca sürünür

Diyircəkli arabacığın...

Gecələr yuxunda da eşidirsən

Təkərlərin cığıltılı səsini...

Sənin gözündə

Bu arabacıq

Andırır bir çörək təknəsini...

Boğazından keçəsi hər loxman

Əvvəlcə dəmirdən keçir.

Xəcalət bürküsü

Üz-gözünün tərini içir.

Arabir polis də girişir sənə;

"Göstər apardığın yükün sənədini!.."

Əlacın olsa onun

Şişə taxarsan sən ətini.

Ancaq səbrini basıb dözürsən,

Getmirsən dərinə,

Aşsa da o,-

Aşmırsan sən həddini,

Əlini ehmalca salırsan cibinə...

Beləcə ötüb keçir günlərin,

Düşürsən haldan-hala...

Topladığın dəmir də dönür bəzən

Ya ordenə, medala,

Ya da buxova, qandala!..

Sənsə başını aşağı salıb,

Gün üyüdürsən bala-bala!...

01.11.2025