Ələddin Əzimli - "SÖZLƏRDƏKİ SƏN"DƏN İKİ AN

Ədəbiyyat 17:49 / 02.11.2025 Baxış sayı: 1131

 

SONSUZ YOL

*1*

Bir həzin ümid,

Bir anlıq yağış,

bir qəfil şimşəyin

sorağındayam.

Özüm də bilmirəm

harda, hardayam.

Sən Allah, səsləmə,

çağırma məni.

Bu dərddən, ağrıdan

qoparma,

ayırma məni.

Yenicə duyuram,

deyəsən , axı

əzabdan keçən,

mənzili bilinməz

sonsuz yoldayam...

*2*

YOL ÜSTƏYƏM

Yol üstəyəm,

tutma məni söhbətə.

Yaxşı bilirsən

günün batar vaxtıdı-

qürub vaxtı

düşmür mənə.

Özüylə qəm gətirir,

kədər gətirir.

Qara xəbər gətirir.

Yol üstəyəm,

arxadan çağırma.

Su at dalımca,

çalış ağlama...