Əbülfət Mədətoğlu  -  Nağıl ovqatlı ŞEİR

Ədəbiyyat 09:50 / 26.10.2025 Baxış sayı: 3271

 

Bir tonqal çatmışam , nağıl tonqalı

Əvvəli var idi, sonu da gəlir ...

Bu tonqal bir az da fikir yonqarı -

Doqquzu yoldadı - onu da gəlir!..

 

Bir az üzülsə də əlim ətəkdən

Yol həmən o yoldu, söz həmən o söz!..

Arılar uçsa da balsız pətəkdən -

Hələ tüstülənir kül altdakı köz!..

 

Çözümsüz olsa da qarışıq yuxu

Ümid zədələmək gücündə deyil...

Başımda o hava, canda o qoxu -

Köhnə şəkillərə yazıram şeyir!

 

..Nağıl tonqalımın odu qarsıyır

Gözümün dibində üşüyən yaşı...

Tənha günlərimdə içim sarsıyır -

Adamın nə qədər , dərd çəkər başı?!