AY TÜRK OĞLU - yazdı  Xatirə Fərəcli.

Ədəbiyyat 08:30 / 16.09.2025 Baxış sayı: 1746

 

Şamaxı yaxınlığındakı tənha türk məzarına.

Eyyy

başına türlü-türlü müsibətlər gətirilən

bir millətin ər balası,

daşıyırsan iftixarla türk adını!

Sən bir qeyrət heykəlisən,

özün boyda heykəl olmaq düşüb sənin qismətinə.

Görən, hansı ana səni

ağrısını sevə-sevə gətirmışdi bu dünyaya?!

Beşiyini yelləyəndə bilirdimi

o bir igid, ər böyüdür?!

-İki xalqın qürur yeri, səcdə yeri.

Heç bildimi yavrusunun qərib sandığı məzarı

neçə-neçə anaların ürəyində,

bu ölkəni vətən sanan,

bu millətin taleyinə yananların

ürəyində?!

Sən torpağı qucaqladın, torpaq səni

bağrı şan-şan ola-ola

qucaqladı,

qucdu bərk-bərk,

bu ölkə də tam haqqınla bir vətənin oldu, demək.

Ay Türk oğlu, Türk igidi,

vətəndaşlığın mübarək!!!