AY Bəniz Əliyar - QARANQUŞ YUVASI. BƏNÖVŞƏ ƏTRİ

Ədəbiyyat 19:11 / 20.04.2026 Baxış sayı: 774

 

Yaman soyuq keçdi bu ilin qışı,

Don vurdu ağacı, buz tutdu daşı.

İsinə bilmədi bir mənzilbaşı,

Qaranquş yuvası, bənövşə ətri.

 

Yaza ümid etdi, yaz gecikirdi,

Gah qar ələyirdi, gah sel tökürdü.

Gözləyə-gözləyə həsrət çəkirdi,

Qaranquş yuvası, bənövşə ətri.

 

Bir ümid doğurdu günəş hər səhər,

Keçinib gedirdi axşam birtəhər.

Boylanıb qalırdı içində qəhər,

Qaranquş yuvası, bənövşə ətri.

 

Yuva boş qalmışdı, gül darıxırdı,

Bu bahar hələ də gendən baxırdı.

Bir sevda eşqinə seyrə çıxırdı,

Qaranquş yuvası, bənövşə ətri.

 

Yandı, arzuların günəşi yandı,

Yuva ətirləndi, gül yuvalandı.

Nəğməyə kökləndi, sözlərdə dindi,

Qaranquş yuvası, bənövşə ətri.