Adilə Nəzər - AZƏRBAYCAN

Ədəbiyyat 12:57 / 21.04.2026 Baxış sayı: 180

 

Azərbaycan –

Hər şəhəri başqa bir ruhlu ölkəm...

Bakı –

gecələr dənizlə mübahisə edən,

gündüzlər dalğalarla barışıq,

küləyi bol şəhər...

Daş divarlarında əsrlərin nəfəsi qalan,

dar küçələrində zamanın yavaşladığı İçərişəhər..

əsrlərdir sükut içində dayanan Qız qalası...

hakimiyyətin, tarixin, qədim dövlətin sarayı Şirvanşahlar...

Ətrafına çəkilmiş çənbər kimi

Mərdəkan qalası, Qala,

Badi-Kubəyə qaravul çəkən o əzəmətli daşlar –

Qobustan qoruğu – ilk insan məskəni...

Gəncə –

İmamzadə Türbəsində

inancın sakit, sarsılmaz sükutu gizlənən,

hikmətin kölgə kimi gəzdiyi,

günəş batanda belə müdrikliyi itməyən...

küçələrində bir köhnə kitabın səhifələrinin

çevrilən xışıltısı duyulan,

Hər döngəsi beyt pıçıldayan,

sözü zamandan uzun edən

Nizami ruhlu şəhər...

Naxçıvan –

təkliyin qürur kimi yaşandığı yer...

özüylə üz-üzə qalan,

sərhədlərlə əhatələnsə də

ruhu heç vaxt daralmayan şəhər...

Hərflərdə kainat axtaran,

insanı öz içinin aynasına çevirən

Fəzlullah Nəimisilə,

Əlincəqalasıyla zamanın yaddaşında

yıxılmayan inad kimi dayanan...

torpağında tarix addımlayan

hər daşının altından bir ad boylanan –

Möminə Xatunun daşlaşmış sükutunu,

Əcəmi Naxçıvaninin naxışa çevirdiyi əbədiyyəti,

bir də azadlıq kimi sərt,

inam kimi təmiz Elçibəy sadəliyini,

ağlı, zəkası ilə dünyaya səs kimi yayılan

Heydər Əliyevin iz buraxan iradəsini daşıyan,

Vətən diyar,

özü özünə yetən diyar...

Şuşa –

musiqi səsli, şeir nəfəsli şəhər...

hər daşına bir misra,

hər divarına bir muğamın əks-sədası hopan,

səs və söz doğuran

Üzeyirli, Bülbüllü, Natəvanlı Qala...

“Həmişə bizim qala!”

Şamaxı –

sözün ağırlaşdığı,

dərinləşdiyi,

fəlsəfələşdiyi şəhər...

buludlarında Nəsimi ruhunun dolaşdığı,

hər qarışı əzəldən yazılmış cümlə tək düşündürən...

zəlzələdən, dağıntıdan keçən,

ölümdən doğulan məkan...

Beyləqan –

geniş düzlərin altında gizlənən yaddaş...

Bir zamanların tarixi şəhəri –

karvanların keçdiyi,

sözlərin yol tapdığı yer...

Nəfəsini şeirə çevirən

Mücirəddin Beyləqani sözlü,

torpağı peyğəmbər izli şəhər...

Lənkəran –

yağışın fərqli danışdığı,

dənizin fərqli maviləndiyi,

torpağın fərqli rəngdə yaşıllaşdığı şəhər...

daim səbrdə, gözləmədə, ayıq-sayıqlıqda olan,

görkəmli generalların yurdu.

Quba –

sakitliyin ən təmiz halı,

səhərləri dumanla açılan,

günortası günəşlə gözəlləşən,

axşamı qarla örtülən şəhər.

Qırmızı Qəsəbəsi fərqli dillərdə anlaşmağı öyrədən,

birgə yaşamağın kitabını yazan

Soyqırımını yaddaşlaşdıran,

unutmayan, unutdurmayan...

Afurca şəlaləsindən süzülüb

daşlara çırpılıb azadlığını tapan,

təbiətilə tarixi eyni ürəkdə döyünən yer...

Adını çəkmədiyim şəhərlər –

yadımdan heç çıxmayanlar...

ölkəmin tarix qoxan şeirləri...

Azərbaycan –

sən adi coğrafiya deyilsən,

bir neçə ruhun eyni bədəndə yaşadığı möcüzəsən.

Hər şəhərin bir ərdir,

eyni ürəkdən gələn

ayrı tonda səslənən şeirlərdir.

Hər şəhərdə hər bir yer mənim doğma evimdir,

Bu isə şeir deyil,

sənə olan sevgimdir...

21.04.2026