Aida  Adıgözəldən ŞEİR  SOVQATI

Ədəbiyyat 19:46 / 20.04.2026 Baxış sayı: 842

Qəfil gələn əcəl kimi,

bir ayrılıq

sarılaraq öpdü məni.

Heç bilmədim, hansı zaman sevdi bizi,

hələ yollar,

hələ yollar bir tərəfə

çay daşı tək tolazlayıb,

çay aşağı axıtmışdı ikimiizi.

Özümüzə açammzkən sirrimizi,

heç bilmədim,

heç bilmədim ki Tanrıya

kim satmışdı

Tanrıdan da gizli qalan yerimizi.

Nə xoşbəxtdik,

nə xoşbəxtdik bir zamanlar.

Bir mən idim,

bir sən idin,

biz bir idik.

Əl ələ,

göz gözə,

diz dizə,

sevişirkən, həyəcandan,

deyilməyən, yazılmayan şeir idik.

Ta ki bir gün,

qəfil gələn xəyanətkar,

bir ayrılıq,

sarılaraq öldü məni,

öpdü məni,

öpdü məni...

Kim desə "ölülər" ağlamır" - yalandır.

Gözlərim şahiddir

hər gün nə qədər "ölünün" ağlamasına.

Hətta ağlama

səslərinə yata bilmədiyim gecələr oldu.

Zibil qablarını axtaran neçə "ölü əlləri",

gecə "katok"dan yemək oğurlayan,

məhbus çağrılan "rəhmətliklər" gördüm.

Bir qazi vardı,

iki ayaqları yox...

Minomyot biçmişdi Suqovuşanda,

danışırdı, gülürdü,

deyirdi, - şükür, sağam, yaşayıram...

Amma,

amma Suqovuşanda qalmış ayaqları çoxdan çürümüşdü!..

Bir uşaq vardı on iki yaşında,

metro pilləkənində oturub salfet satırdı.

İlahi,

gözləri min il idi ki ölmüşdü...

Min illik mumiya kimi qurumuşdu bəbəkləri, içindəki ümid ölmüşdü,

gözlərindəki həyat sönmüşdü,

üzündəki işıq donmuşdu.

Sən demə yaşamaq ümidi,

arzusu ölənlərin

özlərinin ölməsindən xəbəri olmurmuş...

Yarım əsrdi mən də "ölmüşəm",

hələ də qorxursuz özümə deməyə.

Qorxursuz bağrım çatlar?

Hahaha...

Ölülərin bağrı olmur,

skeleti olur,

skeleti...

Göydən gələn səslər

Məndə fəlsəfə axtarma dostum,

indi hər şey başqadır bir az.

Dünya da dəyişib, insanlar da.

Hətta şeirlər də...

Sən qarşında bir həftədir qələm, dəftər

qafiyə axrarışna çıxmısansa,

- "təcnis , dodaqdəyməz" - yazacağam düşünürsənsə,

Avropada bir dəli "çoxdan vurub çayı keçmiş" - anla.

Bir gün Yer üzündə quyruqlu insanlar görsən şaşırma,

o an Şeytanı xatırla.

Bir vaxt gözlərinə görünən,

qulağına nəsə pısıldayıb

başını xarab edən,

qəlbini hiylə, məkrlə dolduran.

Daha arzulama Ələddinin sehrli çırağından çıxan Cini,

üç arzunu yerinə yetirsin deyə.

Əgər səhər yatağında çayını içib,

günorta uzaq Yaponiyada naharını edib,

şam yeməyində hansısa Amerika rezidansında

Kosmosdan Yer kürəsinin görüntülərini

seyr edə bilirsənsə.

Amansız xəstəlik bildiyin

xərçəngin çarəsini tapan alimləri yox edib,

gizli labarotirayalarda

öldürücü "yeni nəsil viruslar" hazırlayırsa beyinlər

Əzrayılda günah axtarma,

canları alır deyə!

Hippokratı andında təqsirləndirmə insan oğlunu,

hələ Darvini...

"İnsan meymundan əmələ gəlib" -

dediyinə görə,

- biz belə qəddar deyilik,

- deyə hətta insanlardan qorxan meymunlara "əcdadımız" demək fikrindən daşın.

Bir gün təcrübə siçanları yerinə

yeraltı kabinalardakı

şüşə kolbalardan insanlar çıxacaqsa,

diz çöküb Allaha;

"məni yenidən yarat" - demə.

Hətta Allahın səlahiyyətlərini

Yer üzündə əvəz edən "Varlıqlar" peyda olacaqsa,

daha düşünmə yaradan qüvvə Allahdır deyə.

Şüşə kolbaların xətrinə dəyə bilərsən,

içindəki böyüməkdə olan insan rüşeymlərini bəsləyən şüşə bətnlərinin...

İndi hər şey dəyişib dostum,

məndə fəlsəfə axtarma,

fəlakət axtar, fəlakət!

Qiyamət günü yaxınlaşır de,

doğulmaqda olan kimdirsə

Kosmosdan onun

zühur etməkdə olan iniltisinin eşit...

Sənsizlik

Soyuqdur hər yer,

yağır bu aralar.

Damır könlümün damı, divarları.

Hər tərəf nəmişlik qoxuyur,

kif basmış can evimin qapısı, aynaları.

Desəm darıxmıram,

inanma, yalan olar.

"İt kimi darıxmaq" ,

bilmirəm,

kim işlədib bu ifadəni ilk dəfə.

Sərhəd xəttləri uzanıb gedir

üzü qışın soyuqlarına,

hələ bunun qar yağması,

üz çatladıb

dodaq göyərdən şaxtası da var.

Mən isti havalara öyrəşmiş ,

sərhəd xəttlərinə dözümsüz adamam, bilirsən.

Susma,

bir işarə ver,

yolları yığım əlimə,

ya sənə gəlim,

ya da yol alım uzaqlara.

Sənsiz çox darıxmışam

desəm inan,

and olsun,

sənsiz açılan sabahlara...