AY Bəniz Əliyar  -  Gənclik adi...

Gündəm 10:18 / 02.02.2026 Baxış sayı: 1162

Gənclik adi,

sıralanan yaş deyil ki,

yaşayasan, keçəsən,

Gənclik axı gələcəyə atılacaq

bir imzanın möhrüdür,

Gəncliyini gərək heç vaxt

saymayasan heçə sən,

Çünki gənclik bu həyatın

ən füsunkar sehridir.

Gənclik ömrün ən çiçəkli səhifəsi,

ən müqəddəs anıdır.

Xoş yaşasan sənindir, yaşamasan heç kimin!

Bu mərhələ

həm özünü dərk etdirir özünə,

həm də sənə

insanları tanıdır,

Məsuliyyətdir, bir ömürlük borc kimi!

Gənclik bilik birikdirir, zəhmət tələb eyləyir,

Öz mənəvi dəyərlərin, sütunların yaradır.

Şimşəkləri cilovlayır, küləkləri əyləyir,

Duyğuların tacı olan sevgiləri aradır.

Gənclik nədir - 44 gündə qazanılan Zəfərdir,

O zəfərdə yarım qalan ömürlərdir gənc olan!

Gənclik elə

tariximin ən işıqlı səhifəsinə səfərdir,

Ona görə bizim üçün

müqəddəsdir hər zaman!

"Ümid" demək olar ona, "işıq" demək olar ona,

"Alov" demək olar ona, "aşiq" demək olar ona.

Gənclik özü kəşf eləyir yaratmağı, yaxmağı,

Yaxıldınsa, yıxıldınsa bacarmaqdır qalxmağı.

İstəyəndə bir dünyadı, səhv edəndə təcrübə,

Arzularla mayalanar, ümidlərlə yoğrular.

Sadiq olsan, əgər sən də, gənclik adlı məktəbə,

Gələcəyin gəncliyinə etibarlı doğular.