Əlizadə Nuri - Payız serenadası
Görən qalmadı ki, yağışın altda-
Görən o sərçəyə bir dam aldılar?
Getdim bir ağaca salam verməyə
Yarpaqlar yüz yerdən salam aldılar.
Özümü payızın üstünə atdım,
Uzaqdan bir çay da gözə dəyirdi.
Körpə göyərçinin ağ dimdiyində
Bir buğda dənəsi gülümsəyirdi...
Bir qızın saçları axırdı çaya,
Bu saça qoşulub çay axacaqdı.
Qızın gözəlliyi bəlkə bir azdan
Bu axan çayı da saxlayacaqdı...
...Ağzına su alıb, susub dəniz də,
Mən necə dindirim dənizi indi?
Gördüm bir "ağıllı" suya daş atır
Görəsən neynəyir dəlisi indi?
...Gecədən sübhətək yağdı bu yağış,
Görən o qumrular sevişə bildi?
Görən neynədi o islanmış çiçək-
Öz yaş paltarını dəyişə bildi?..