Ay Bəniz Əiyar - Gənclik, sən hardasan?

Ədəbiyyat 14:18 / 03.02.2026 Baxış sayı: 554

Gənclik, sən hardasan?

Yerin, ünvanın

artıq bəlli deyil.

Yadımda yoxdur.

İtirib istisin o həyəcanın,

Axı xatirələr yaman soyuqdur.

Gənclik, sən hardasan?

Axtarmır gözüm,

Yaşlı gözlərimi boş kiritmisən.

Səni axı niyə axtarım, gəzim?

Guya bilmirəmmi hara getmisən?

Yaşadım bir udum, daddım bir udum,

Tamın gah bal dadır, gah acı dadır.

Xatirə dəftərim, rəsm albomum,

Gizli gündəliyim indi hardadır?

Əllərim utanır güldən, çiçəkdən,

Qucağım bir sevda həsrəti dadmır.

Aldanmaq arzusu çəkərmişəm mən,

Daha xəyallarım məni aldatmır.

İndi harda görən eşq adlı aləm,

Boş ətir qutusu, o quru çiçək?

Mürəkkəbi bitmiş hədiyyə qələm,

Səsləsəm haradan boy göstərəcək?

Gənclik, bax, qapına gəlmişəm sənin,

Gözümdə eynək var, saçlarımda dən.

Görən neçə yerə bölmüşəm səni,

Haraya boylansam bir tikə sənsən?!