Musa Yaqub - ƏRƏFƏ

Ədəbiyyat 09:30 / 03.02.2026 Baxış sayı: 567

 

Hansı astanadır çatıb dayandım

Cənubda üşüdüm, şimalda yandım.

Dəyişib dünyanın isti soyuğu,

Pozulub nizamı, solub qoruğu.

Böyük Kainatın Cənnəti Yerdi

Onu da Tanrımız tək bizə verdi;

Üzünə ağ olduq cənnətimizin

Qopan qasırğalar, tufanlar bizim,

Nəhəng dəryaları vurub daşdıran

Bizik qiyaməti yaxınlaşdıran.

Gəlir qiyamətin əlamətləri

Qaldıq fəlakətlər ərəfəsində

Salmışıq oyuna siyasətləri –

Ölkələr pəs gəlir biri-birinə,

Çoxları canavar qiyafəsində

Ayaqda qandallar, başda torbalar

Yaltağa yalanlar, zorda zorbalar

Göydə raketlərdi, yerdə bombalar.

Bu atəş içində, silah ilində

Bu tamah, bu günah, bu ah içində.

Heç cürə yaşamaq olmur, Allahım

Neçin mənim ömrüm bu vaxta düşdü

Aprel günümüzə qar, şaxta düşdü

Ya yetir dünyanı axır zamana

Ya da at ömrümü bir az o yana.

Sən allah qırılan ağaclara bax,

Qolları asılıb boyunlarından.

Bezdim bu tapanca kinolarından

Yoruldum mənafe oyunlarından.

Daha gəmi olmaz, daha Nuh olmaz,

Cəhənnəm havası qalıb dünyanın.

İndiki, insanda təmiz ruh olmaz,

Hələ ruh davası qalıb dünyanın,

Cin-şeytan davası qalıb dünyanın.

Bu şeytan içində, bu cin içində,

Bu qəzəb, bu əsəb, bu kin içində,

Heç cürə yaşamaq olmur ,Allahım!

Ya yetir bizləri axır zamana

Ya da at ömrümü bir az o yana

At məni bir ali-məqam vaxtına,

İnsanın səmimi salam vaxtına,

Biri-brimizə inam vaxtına -

Sən məni ədalət taxtına yetir

İnsanın insanlıq vaxtına yetir.

Həmişə xoş olan halın tövrünə,

Ürəyin ən dərin guşələrində

Bəslənən sevginin məktub dövrünə.

Sən məni məhəbbət mehrinə qaytar

Gözəl meşələri hasarsız görüm,

Namusu, qeyrəti bazarsız görüm

Bir görüm hiyləsiz göz necə olur,

Bir görüm pərdəsiz üz necə olur.

Bir görüm yalansız söz necə olur.

Sən məni ədalət taxtına qaytar

İnsanın insanlıq vaxtına qaytar.