Avdı Qoşqar- ƏBLƏH

Ədəbiyyat 12:07 / 09.11.2025 Baxış sayı: 976

 

Bir dəli fürsətə təşnədi sinəm,

Başıma nə qədər çırpılıb anlar.

Dünyanın ən böyük əbləhi mənəm,

Mənnən sonra gəlir-

Şahlar,xaqanlar.

Dünyanın ən böyük söz əbləhi mən,

Zamanın ən fağır-çulucırığı.

Mənəm bu yolları-

Tərsinə gedən,

Bir də ki dərvişlər,-

Zərli-xaralı.

Mənim tərs dediyim yolun-

Adı eşq,

Havalı gedirəm yorğun başımla,

Xaqanlar düz yolu-

Geriyə dartır,

Dartır ilkinliyə-topla,qoşunla.

Onunku öldürmək-

Mənimki həyat,

Mənası eynidir-

Hər şeydə son var.

Mən söz bəsləyirəm,-

Kəsilmiş sözdən-

Minarələr qurur şahlar,xaqanlar.

Mən söz əbləhiyəm-

Arxamda əl yox,

Şahın arxasında-

Nizami ordu

Mənim əbləhliyim-

Dili uduzur,

Şahın əbləhliyi-ölkəni,yurdu.