Arzu Hüseyn - Dan üzünü söküb atdım dənizə...

Gündəm, Ədəbiyyat 08:25 / 06.11.2025 Baxış sayı: 1439

 

Səpələndi su üzünə Xəzərin.

Öz içimdə mən də kiçik dənizəm,

Sahilimsən, ümmanımsan sən, mənim.

 

Dərdlərimi söküb atdım dənizə,

Dəniz aldı, dəniz çəkdi, apardı.

Bir də baxdım — kirimişəm, səssizəm,

Ömür yenə çiçəklənən bahardı.

 

Nələr atdım, nələr atdım dənizə,

Çiyinlərim birdən-birə dikəldi.

Bapbalaca sevinclərim bir anda

Üz-gözümdə, gülüşümdə yekəldi.

 

Zaman qaçar, hey tələsər, hey axar,

Tuta bilməz kimsə onun ipindən.

Biri gələr, əl uzadıb çıxarar

Ümüdünü dənizlərin dibindən.

 

Biri gələr, küləkləri susturar,

Tufanları dayandırar, məst edər.

Səni alıb fırtınadan, dalğadan,

Səni bütün dənizlərə dost edər…

 

Dan üzünü söküb atdım dənizə,

Səpələndi su üzünə Xəzərin.

Öz içimdə mən də kiçik dənizəm,

Sahilimsən, ümmanımsan sən, mənim.