Arzu Əsəd - Müəllimin   güllələməsi  ciddi xəbərdarlıqdır

YAZARLAR 13:13 / 08.02.2026 Baxış sayı: 290

Yeniyetmə şagirdin müəllimi güllələməsi istisna hal olsa da ciddi xəbərdarlıq mahiyyəti kəsb edir. Məktəblərdə müəllimin avtoriteti artırılmalıdır. Şagirdlərin azad, sərbəst, yaradıcı inkşafını nəzərdə tutan təlim-tərbiyə metodları müəllim nüfuzunun itirilməsi fonunda olmamalıdır. İnkişaf etmiş ölkələrdəki təhsil təcrübələrinin tarix, şərait, milli dəyərlər nəzərə alınmadan tətbiqi kor, səmərəsiz bir təhsil sistemi yaradır. Xüsusilə təhsil haqqı yüksək olan müəssisələrdə uşaqlarda özlərinin istisnalığı, seçilmiş, imtiyazlı varlıqlar olması düşüncəsi yaranır.

Bu məktəblərdə yüksək intizam tədbirləri, müəllimlərlə ailələrin mütəmadi, qarşılıqlı görüşləri keçirilməli, fikir mübadilələri olmalı, şagirdlərlə bərabər onların valideynləri də tərbiyə edilməlidir. Çünki Azərbaycanda varlı təbəqənin daha çox təsadüflər nəticəsində varlandığı və onların psixologiyalarının, dünyagörüşlərinin əllərində olan sərvətə nisbətdə çox zəif olduğu məlum həqiqətdir. Hazırda ölkədə yaranmış pula, var-dövlətə sitayiş atmosferi də bu zəif psixologiyalı insanların, onların övladlarının özlərində bir ayrıcalıq hiss etmələrinə, seçilmiş elit varlıqlar olması düşüncəsinə gətirib çıxarır, nəticə etibarilə qudurğanlıq, daxili nizamsızlıq, saxta kübarlıq və şıqlıq altında dərin psixoloji dağınıqlıq, mənəvi pozğunluq yaradır.

Müəllimi güllələyən şagirdin məktəb yoldaşından alınan müsahibədə onun tez-tez işlətdiyi " müəllim onu sıxırdı" ifadəsi onu göstərir ki, yüksək təhsil haqqı verilən məktəblərdə müəllimin təhsil və təlimlə bağlı adi tələbləri də bu şagirdlərə "sıxıntı" kimi gəlir. Halbuki tərbiyə, təlim, təhsil şagirdlərdə azad iradənin formalaşması ilə bərabər həm də müəyyən "sıxıntı" tələb edir. Torpağa düşdükdən sonra torpaq onu sıxmasa, toxum necə bar verə bilər?

Təhsil nazirliyi eyni zamanda valideynlərlə iş aparan xüsusi təlimat və strukturlar hazırlamalı, qazandıqları pullarla həyatda özlərinin və övladlarının son dərəcə sərbəst, geniş, məsuliyyətsiz yaşamalı olduqlarını düşünən valideynlər tərbiyə olunmalı, onlara min illərin insanlıq təcrübəsinin yaratdığı mənəvi dəyərlər aşılanmalı, hər şeydən əvvəl öz uşaqlarının gələcəkləri, nəsillərinin "sıxıntısız", maneəsiz bir həyatda təkəbbür, keyf, həzz və narkomaniya bataqlığında məhv olmamaları naminə bu dəyərlərə sahib olmaları başa salınmalı, təlqin edilməlidir. Hadisə göstərdi ki, təhsil islahatları yalnız xarici terminologiya ilə dolu olan təlimatların mexaniki şəkildə tətbiqinə yox, tarixi inkişafın, canlı həyatın doğurduğu şəŕtlərə müvafiq yaradıcı münasibətə əsaslanmalıdır.

Yoxsa bu günün müəllimi ov tüfəngindən açılan güllənin hədəfi olursa, gələcəyimiz yaylım avtomat atəşinə məruz qalacaq.