Arzu Əsəd : - Hər şeyin ifratı pisdir.
Dialektika hər şeyin pik nöqtəsində öz əksinə çevrildiyini deyir. Həddən artıq sevinən adamın gözündən yaş gəlir, həddən artıq kədərlənən adam dəli olub qəhqəhə çəkir, oynayır. Həddən artıq demokratiya anarxiyaya çevrilir, nəticədə dövləti qorumaq üçün diktatura qurulur və əksinə.
Din, dindarlıq, dinsizlik də belədir. Ölçünü - qızıl ortanı saxlaya bilməyən dinsizlər hiss və davranışlarında ifrata varanda ağır nevroz və depressiyalara düçar olur, dərin, dibsiz psixoloji boşluqlara düşür və nəhayət, yeganə çarə olan "Allahın ipi"ndən yapışmağa məcbur olurlar. Dindarlar da öz ifratlarında elə hal və davranışlara gəlib çatır, radikal dinçiliyin elə ifadəsini nümayiş etdirirlər ki, heç bir dinsiz ateist onların vurduqları zərbə qədər dinə zərbə vura bilmir.
Tarix güzgüdür. Orta əsrlər inkvizisiyası mahiyyətcə mərhəmət dini olan xristianlığı bəşəriyyətin ən qanlı cəlladına çevirdi. İslam da eləcə, ifrat ortadoksallaşdıqca irticasını artırır. Dindar adam din və dünyaya münasibətində, düşüncə və davranışlarında balans yaratmasa psixoloji yayınmalara, sapıntılara düçar olur, nəhayət, paranoyaya, paranoidal-şizofreniyaya məruz qalır. Bu populyar tibbi-psixoloji terminlər bu kontekstdə qətiyyən təhqir içərikli deyil.
Dindar adamda, onun hər an gözəgörünməz qüvvələr tərəfindən izləndiyi, daim əməllərinin yazıldığı düşüncəsi olduğuna görə onun paranoyaya meyilli olması zəruridir. Paranoik xəstələr də daim kimlərsə tərəfindən izləndiklərindən şübhələnirlər. Əgər dindarlıq, əməllərinin izlənməsi düşüncəsi psixologiyanın tələb etdiyi lazımi emosional ehtiyaclarla, həyat sevincləri, normal sosial mühitə mənsubluq duyğuları və sairə ilə müvafiq gələrsə bu paranoya potensialı inkişaf etməz. Amma bu müvafiqlik olmasa, ki, hazırda onun kifayət qədər olmasını iddia edə bilmərik, cəmiyyətimiz dəli yığıncağına çevrilə bilər.
Hazırda, demək olar ki, sosial şəbəkələrimizdəki əksər dini moizələr, dini statuslar, dini bloqerlərin çıxışları bu paronoidal şizofreniyanın inkişaf etdirilməsinə yönəldilib. Artıq bu çıxışlarda radikallıq, cəmiyyətə basqı, din adına qadağalar, şəriət hökmləri, şüuraltı təlqinlər, hətta bütün dövrlərdə cəmiyyətlərin nisbi azadlıqlarının təminatçısı olan ədəbiyyata, sənətə, fəlsəfəyə, musiqiyə, rəqsə, həyat tərzinə irticaçı hücumlar boy göstərir...
Çox təəssüf ki, bizim çox istedadlı, bilikli elm və sənət adamlarımız həm obyektiv, həm də subyektiv səbəblərdən həddən artıq loyallaşıb, laqeydləşiblər. Onların bir hissəsi hökumətdən küsüb, bir hissəsi cəmiyyətdən, bir hissəsi də mənim kimi özü özündən. Digər ifrat cəbhə - küçə soyüşləri ilə silahlanan muzdlu "ateistler" isə dini dəyərlərimizi söyüb-təhqir etməklə bu radikallığı daha da artırırlar...
Sonra da deyirik ki, 21-ci əsrdə Əfqanıstan və İran kimi şəriət ölkələri hardan peyda olur?