Arzu Əsəd - Elmi resept və düsturlar yoxdur...

YAZARLAR 14:40 / 18.02.2026 Baxış sayı: 433

Tarixin gedişini dəqiq müəyyənləşdirəcək elmi resept və düsturlar yoxdur. Tarix yaradıcılığı ilə oyun oynamaq olmaz. "Gecə hamilədir nə doğacağı bilinməz". Cəmiyyətin dərinliyində hansı proseslərin gedə biləcəyini proqnozlaşdırmaq çox çətindir. Ən etibarlı vasitə cəmiyyətin nəbzinin döyündüyü ictimai şüuru əldə saxlaya və onu yönəldə bilməkdir. İctimai şüurun yönəldilməsi onun saxtalaşdırılması, manipulyasiya edilməsi, onunla istənilən oyunların oynanıla bilməsi demək deyil. Hanı ölkənin ictimai rəyini dəqiq, tərəfsiz öyrənən təsisatlar?

Niyə bu rəy, bu rəydəki zaman-zaman dəyişikliklər qərəzsiz şəkildə öyrənilib ölkə idarəçilərinin qarşısına qoyulmur. Niyə dövlətin əlində olan kütləvi informasiya vasitələri sosial şəbəkələrə bu qədər uduzur? Hanı onlar jurnalistikanın asları, allahları, peyğəmbərləri idilər? Bəli, özündən allah düzəldəndə, büt düzəldəndə belə olur. Bir gün bir ümmənin, savadsız, cahil hesab elədiyin birinin əlindəki çubuqla qoyulduğun mərtəbədən yerə salınıb çilik-çilik olursan. Dünən bütün varlıqları ilə xalq-hakimiyyət birliyindən danışan və həqiqətən buna çalışan bu cənabların təfəkkürlərində, intellektlərində nə baş verir? Məgər sosial şəbəkələri söyməklə, onun əsas subyekti olan kütlələri qaragüruh adlandırmaqla, onlar yalnız öz yerlə sürünən nüfuzlarını hakimiyyət qarşısında ört-basdır etməklə məşğul olduqlarını, bunun isə nəticə etibarilə çox acınacaqlı olacağını doğrudan dərk etmirlər?

Doğrudanmı, hakimiyyətə yaxınlıq hissi, əmr və imtiyaz sahibi olmaq, komformizm bu istedadlı şəxslərin intellektlərini bu qədər korşaldıb ki, onlar tarix və xalq qarşısında, eləcə də hakimiyyət qarşısında öz həqiqi missiyalarını dərk etmirlər? Məkər hakimiyyətə xidmət etmək daim sözü zorlayıb, onu həqiqi məna və məzmunundan ayırıb, ən müxtəlif formal şəkillərə salıb gecə-gündüz tərif yağdırmaqdan ibarətdir? Bu, hakimiyyəti aldatmaq, onu xalqdan, geniş xalq kütlələrindən ayırmaq cəhdidir. Hakimiyyətə "kütlələr sənin düşmənindir, sənin tərəfdarın, müdafiəçin, nicatın, xilasın mənim kimilərdədir" düşücəsini aşılamaq, xalqdan düşmən obrazı yaratmaq və beləliklə, özünün ictimai şüurdakı saxta, absurd rolunu bir az da uzatmaq cəhdidir.

\Dövlətin başbilənləri, imicmeykerləri, texnoloqları ictimai şüurun idarəsində, ictimai rəyin formalaşmasında bütün tarixi fəlsəfi-siyasi təfəkkürü daşıya bilməklə bu günün ictimai-siyasi dərkindən çıxış etməlidirlər. Artıq köhnəlmiş dialektik metod hakimiyyətin rəqiblərini, düşmənlərini müxalifət deyilən kiçik bir kəsimdə axtarır, sinergetika isə deyir ki, o rəqib, o düşmən ictimai şüurun, ictimai rəyin içində getdikcə çoxalan, qızışan, yaranan entropiyadakı qəfildən haradan budaqlanıb çıxacağı bilinməyən bifurkasiya nöqtəsindədir. Xəstəlik ictimai rəydədir, onun dərmanı da həmin ictimai rəyi yaradan səbəblərə əl gəzdirməkdədir. Zəhər ictimai şüurdadır, onun antidotu, panzəhri də hər gün sosial şəbəkələrdə beyninin məhsulunu ürəyinin qanına qatıb söyüşsüz, təhqirsiz ictimai həyatın həqiqi mənzərəsini ictimai rəyə axıdan ictimai şüurun həqiqi daşıyıcılarındadır.

Onları ehmal etmək ölkənin, dövlətin, müstəqilliyimizin gələcəyinə düşmənçilikdir. Nəhayət, vaxtdır, açılın, cənablar, həqiqi ictimai rəyə, həqiqi ictimai şüur daşıyıcılarına açılın!