Allahverdi Eminov - Məmməd Araz poeziyasında S.Vurğun şəxsiyyəti

YAZARLAR 11:29 / 18.02.2026 Baxış sayı: 502

 

(V məqalə)

 

Poeziya şairin ən Ali hisslərinin təzahürüdür, ona görə ki, digər sənət növ-lərindən yüksəkdə dayanır, yerini saxlayır. Poeziya yeganə sənət növüdür – çəkin-mədən həzin səslə – pıçıltı ilə sirrimizi ehtizaza gətirir, oxucunu özünə təslim edir. Bu qənaətə məni Məmməd Arazın poeziyası gətirdi. Şair Səməd Vurğunun ölü-mündən kədərlənir, şairə həsr etdiyi poetik nümunələrinin motivləri arasında asso-siativ bağlılığı görür. Məmməd Araz “Sən tələsmədin” (12.05.1956. Şairin vəfa-tından 5 gün sonra) şeirini yazdı, nisgili, heyifsli, göz yaşlı misraları ilə seçildi:

 

...Qəlbin od gəzmədi şaxta kəsəndə,

Söylədin hər fəslin öz aləmi var.

Dedin tələssəm də, tələsməsəm də

Yenə öz vaxtında gələcək bahar.

 

Gah oldu oylağın Göyəzən dağı,

Sözünlə açıldı ayın qabağı,

Əsl bayramını bayramqabağı –

Elədi görəndə gözəllər səni.

 

Bu misralarda Məmməd Araz “Mən tələsmirəm”in poetik çalarlarını, ob-razları ustalıqla saxlamışdır. Çünki S.Vurğun təbiətin qanuna tabe olub, idraki – əxlaqi təminata cavabdehlik daşımışdır. Əxlaqi təminat poetik fikrin yekunu kimi şərtlənmişdir və bu əhval S.Vurğunun “Şair, nə tez qocaldın sən?” etirafına gətirdi. Şeirdə şairin özü görünür, şəxsiyyəti fikrin çalarında əlamət kəsb edir.

Məmməd Araz “Unudulmuş tək məzar” şeirinin assosiativ təsirilə “Müqəd-dəs məzar” şeirini bir ildən sonra (1957) qələmə aldı. Lirik – epik bu bədii nümu-nəni Məmməd Araz yüksək emosional pafosla, intellektual düşüncə və daxili yanğı ilə oxuculara çatdırmışdır. Şair müqəddəs bir qəbrin önündə baş əyir, mülayim kü-lək olsa da, onun qəlbindən qasırğalar keçir, əlində çiçək. Görünür, Məmməd Araz o axının arasında imiş.

 

Əsir ilıq külək, mülayim külək,

Fəqət qasırğalar keçir sinəmdən.

Qəlbimdə çırpıntı, əlimdə çiçək,

Müqəddəs bir qəbrə baş əyirəm mən.

 

Onun dövrəsində gül-çiçəyə bax,

Deyirsən əkilib iyirmi ildir.

Üstündə göyərən otları ancaq

Hələ bir yaşı da tamam deyildir...

 

“Müqəddəs məzar”da şairin müdrikliyə çağıran poetik fikirləri düşündürür. Mən şeirin yazılma tarixini bu günə hesablayanda təxminən 65 ildən çox zaman ötür. Amma şeirdəki dərinliyə bax, çünki ölümdə hansısa bir sirr bu anlarda açıla-caq, insanın doğumu ilə ölümü arasındakı paralellik qovuşmayacaq. Elə olarsa, günahkar kimdir, yaxud nədir?

 

Günahkar görürəm torpağı, yeri,

Ömrümüz özü də sirli aləmdir.

Nədənsə insanın əzəldən bəri

Gəlişi sevincdir, gedişi qəmdir.

 

Yox-yox, kədərlənmə ürək, ey ürək,

Onun söz mülkündən kədər uzaqdır.

Bir də ki, dünyaya gələn gedəcək –

Ölümə yalvarma, ümid nahaqdır.

 

Düşünməyə əsas görürəm: şeir hələ bitməmişdir, şair uzaq səfərdən qayıt-mamışdır. Məmməd Araz illərdir oxucusuna ötürülə – ötürülə inandırmaqdadır. Ədəbiyyatşünas Pol Valerinin sözləridir: “Şeir heç vaxt bitmir, onun yaranması bi-tə bilər; şeir ötürmələrlə yaşayır, fikirdən qələmə, qələmdən kağıza, kağızdan oxucuya və sonsuzluğa qədər davam edir”.

S.Vurğunun da, Məmməd Arazın da şeirləri “Ölüm poeziyası” deyil, fərəhli ömrün başı üstünü alan ölümün ağrılı gəlişinin duyulması və real qüvvəyə çevril-məsi şeirin fəlsəfəsindəki metafizik qüdrətin duyumudur. İlahi qüvvənin qeyri – havadarlığı yaşamaq ümidini qırır və cavabı fərziyyəyə bağlı olan sual qoyur: ölümsüzlük, yoxsa ölüm?

Vaxtilə yunan Allahı Hermes mənasız ölümsüzlükdən bezmişdi, ölməyi bacarmaq üçün o, adam olmaq istəyirdi...

Mən Məmməd Araz poeziyasına qayıtmaq istəyirəm:

 

Neçə əsəri də odlu çağında,

Qaldı yazılmamış can otağında.

Əmirxanı tapdı Kür qırağında

Bağından bir meyvə dərmədi getdi.

 

Eldarı el deyib – ellə qalacaq

Ay-gün min illərsə Ay, Gün olacaq.

Gözləyib Ülkəri on beş il ancaq

Ona toy xəbəri vermədi getdi, –

 

bu, Ölümün kabus simasıdır, İnsanı uzaq səfərə yola salmasıdır.

Məmməd Araz poeziyasında Ölüm – ölməzlik – İnsan ömrünün məzmunu fizioloji hüdudlar xaricinə çıxarılır: İnsanı xəyali ölməzlik və kompensasiya – əvəzlənmə ümidləri tələbatından xilas edir.